Azərbaycan Premyer Liqasının I turunda “Araz-Naxçıvan” səfərində qolsuz bərabərliyə imza atan “İmişli”nin baş məşqçisi Fərid Namazov matçdan sonra keçirilən mətbuat konfransında qarşılaşmanı dəyərləndirib, komandanın oyun planı və qarşıdakı hədəfləri barədə danışıb.
Görüşü şərh edən gənc mütəxəssis hər iki komandanın qol imkanları yaratdığını və bərabərliklə bitən matçda hər iki tərəfin qələbə qazana biləcəyini vurğulayıb: “Çempionatın ilk oyunu həmişə ağır keçir. Bərabər oyun getdi. Hər iki komandanın qol epizodları oldu. Taktiki planda istədiyimiz kimi oynamağa çalışdıq. Həm hücumda, həm də müdafiədə istədiklərimizi yerinə yetirdik. Püşk atılandan sonra rəqibi təhlil edirdik. Planımız rəqibin qarşısını almaq yox, öz oyunumuzu inkişaf etdirmək idi. Biz də qələbə qazana bilərdik, rəqib də”.
Çempionatın ən gənc baş məşqçilərindən biri olması ilə bağlı sualı cavablandıran Namazov yaşın əsas amil olmadığını qeyd edib: “Xoş hissdir. Yaş məsələsinə fikir vermirəm. Bu səviyyəyə gəlib çıxanda yaş amili kənarda qalır, digər məşqçilərlə mübarizəyə qoşulursan. Həm özümü, həm də komandanı inkişaf etdirməyə fokuslanmışam”.
Gənc yaşında üzərinə düşəcək təzyiqlərə hazır olduğunu bildirən baş məşqçi tənqidin inkişaf üçün vacib element olduğunu qeyd edib: “3-4 turdan sonra komandaların hansı mövqelər uğrunda mübarizə aparacağı bilinəcək. Rəqiblərlə bağlı şifahi məlumatlarımız var. Təzyiq olmalıdır. Tənqidlərə açığıq. Tənqid olmasa, mən də inkişaf edə bilmərəm. İnsan həmişə təzyiq altında olmalıdır ki, yaxşı yerlərə gəlib çıxa bilsin”. Matçda qələbə qazanmağa yaxın olub-olmadıqları barədə danışan mütəxəssis rəqibin də kifayət qədər epizodunun olduğunu xatırladıb: “Yaxşı qol epizodlarımız var idi. Əsasən də standart vəziyyətlərdən. Bunun üzərində çox çalışırıq. Qələbənin tam olaraq bizim haqqımız olduğunu demək ədalətsizlik olar. ‘Araz-Naxçıvan’ın da qol epizodları var idi”.