UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Estoniyanın “Payde” klubuna uduzaraq avrokuboklarla vidalaşan “Zirə”nin hücumçusu Eren Aydın matçdan sonra mətbuata açıqlama verib. 23 yaşlı futbolçu komandasının göstərdiyi oyunun turnirlə erkən vidalaşmağa layiq olmadığını bildirib.
Aydın qeyd edib ki, “Zirə” qarşılaşma ərzində üstün tərəf olub və çoxsaylı qol imkanları yaradıb: “Futbolun bəzən ən acı tərəfi də budur. Çoxlu yüzfaizlik qol epizodlarımız oldu, iki zərbəmiz dirəkdən döndü. Hətta bir epizodda topun qapıdan keçdiyini düşünüb sevinməyə başlamışdım. Oyunu 90 dəqiqə ərzində həll edib hesabı 2:0-a çatdırmaq üçün kifayət qədər imkanımız var idi. Biz şanslarımızı boşa verdik, rəqib isə ilk real fürsətindən maksimum yararlandı. Çox yaxşı futbol oynadıq, sadəcə bəxt bizim tərəfdə olmadı”.
Gənc hücumçu qarşılaşmanın baş hakiminin idarəçiliyindən də narazı qaldığını gizlətməyib: “Hakim matç boyu ən kiçik təmaslara belə faul verirdi. Son dəqiqələrdə topun rəqibin əlinə dəydiyini ehtiyat oyunçular skamyasından aydın gördük. Təəssüf ki, VAR sistemi olmadığından həmin epizod nəzərdən qaçdı və penalti təyin edilmədi”.
İkinci hissədə əvəzlənməsini yorğunluğu ilə əlaqələndirən Aydın baş məşqçinin qərarına hörmətlə yanaşdığını bildirib. O, komandanın artıq diqqətini ölkə çempionatına yönəldəcəyini vurğulayıb: “Mərhələni keçəcəyimizə hamımız inanırdıq və bu məğlubiyyət bizi çox məyus etdi. Amma artıq irəli baxmalıyıq. Çempionatın startına iki həftə qalıb. Ötən mövsüm ilk dördlükdə yer ala bilməmişdik. Bu il əsas məqsədimiz mövsümü ilk üçlükdə başa vurmaqdır”.