Çempionlar Liqasının əsas mərhələsində İngiltərə nəhəngi “Mançester Yunayted”lə tarixi oyun ərəfəsində Ada mətbuatı “Sabah”ın baş məşqçisi Valdas Dambrauskası diqqət mərkəzində saxlayır. İngiltərənin nüfuzlu “Mirror” nəşri və “BBC Sport” litvalı mütəxəssisin intellektual televiziya şousundan başlayıb Avropanın ən prestijli klub turnirinə uzanan qeyri-adi karyera yoluna həsr olunmuş geniş məqalə dərc edib.
İngiltərə mətbuatı vurğulayır ki, 2025/26 mövsümündə tarixində ilk dəfə ölkə çempionu olan “Sabah” Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanmaqla böyük nailiyyətə imza atıb. Qrup mərhələsinə gedən yolda komanda dörd ağır təsnifat mərhələsini geridə qoyub.
Məqalədə 2025-ci ilin yayında “Sabah”ın “sükanı arxasına” keçən Dambrauskasın məşqçilik karyerasının unikal tarixçəyə malik olduğu qeyd edilir. Belə ki, onun futboldakı yolu vətənində qatıldığı “Kim milyonçu olmaq istəyir?” intellektual tele-şousundan sonra açılıb. Verilişdə Litvadakı illik maaşına bərabər məbləğ qazanan Valdas bu pulu ölkəsində xərcləmək əvəzinə, idman elmləri və məşqçilik üzrə təhsil almaq üçün London Metropoliten Universitetinə yollanıb.
Mütəxəssis həmin günləri “FourFourTwo” nəşrinə (2022) müsahibəsində belə xatırlayıb: “Uçuş və yaşayış xərclərini ödədikdən sonra cəmi bir aylıq pulumuz qalmışdı”.
İngiltərəyə köçərkən dili zəif bilsə də, tezliklə onu inkişaf etdirərək Londonun qərbindəki “London Tigers” həvəskar komandasında ilk məşqçilik işinə başlayıb. Daha sonra “Mançester Yunayted”in futbol məktəbində, eləcə də “Fulhem” və “Brentford”un gənclər komandalarında çalışıb. O, 2009-cu ildə həm universiteti bitirib, həm də Litvanın U-17 yığmasının baş məşqçisi təyin olunub.
“FlashScore”a açıqlamasında uşaqlıq arzusundan söz açan baş məşqçi həmin günləri belə xatırlayıb: “Şouya sadəcə yarışmaq və əylənmək üçün qatılmışdım. Lakin peşəkar futbolçu ola bilməyəcəyimi anladığım vaxtdan – 12 yaşımdan baş məşqçi olmaq istədiyimi bilirdim. İngiltərəyə daha yaxşı həyat axtarışı ilə yanaşı, futbol məşqçiliyində pillə-pillə irəliləmək kimi dəqiq bir məqsədlə yola düşdüm. Bu xəyalımı gerçəkləşdirə bildiyim üçün çox xoşbəxtəm”.
Karyerası ərzində “Ekranas”, “Jalgiris”, “Ludoqorets”, RFS və “Hayduk” (Split) kimi klublarda titullar qazanan, çalışdığı komandaların demək olar ki, hamısında qələbə faizi 50-dən yuxarı olan Dambrauskas hazırda “Sabah”la yeni bir zirvəyə hazırlaşır.
“Bayquşlar” liqa mərhələsinin ilk turunda sentyabrın 10-da İngiltərədə “Mançester Yunayted”in qonağı olacaq. Komandanın rəqibləri arasında “Arsenal” da var. Vaxtilə hər iki İngiltərə klubunda təcrübə keçmiş litvalı mütəxəssis həmin dövrdəki böyük rəqabəti belə xatırlayıb: “Mən İngiltərədə ‘Mançester Yunayted’ və ‘Arsenal’ arasındakı rəqabətin ən pik nöqtədə olduğu – Ser Aleks Ferqyuson və Arsen Vengerin dövründə yaşamışam. Uşaqlarımla ‘Old Trafford’da çox olmuşam. İndi isə həmin stadiona baş məşqçi kimi qayıdacağam və Çempionlar Liqasının himnini yenidən eşidəcəyəm. Bu, həqiqətən də möhtəşəmdir”.
Rəqiblərlə bağlı fikirlərini bölüşən baş məşqçi püşkün nəticəsinin “Sabah” üçün həm çətin, həm də arzuolunan olduğunu bildirib: “Hər şeydən əvvəl özümüzü sınamaq və ən yaxşılarla rəqabət aparmaq istəyirik. Bu, sadəcə həyəcanverici an deyil, həm də böyük məsuliyyət və imkandır. İnsan belə anlarda -həmin komandalarla oynamağın arzusunda olur. İndi isə bunun öhdəsindən gələ biləcəyimizi göstərmək, mübarizə aparmaq üçün yol tapmaq vaxtıdır. Yaxşı komandamız, ambisiyalı kollektivimiz var. Futbolçularımız özlərini göstərmək üçün çox həvəslidirlər”.