Bolqarıstanın Samokov şəhərində keçirilən Avropa çempionatında qızıl medala sahib olan sərbəst/yunan-Roma güləşçimiz Əli Cavadlı Azərbaycan Güləş Federasiyasının rəsmi saytına müsahibə verib.
Yarışda 45 kq çəki dərəcəsində mübarizə aparan gənc idmançı, çempionluq yolunu və təəssüratlarını bölüşərək turnirə olduqca uğurlu başladığını qeyd edib: “İlk görüşümdə Bolqarıstan təmsilçisini 8:0 hesabı ilə yenərək 1/4 finala yüksəldim. Növbəti mərhələdə Ermənistan idmançısına 7:1 hesabı ilə qalib gəldim. Yarımfinalda Gürcüstan güləşçisi ilə olduqca gərgin keçən qarşılaşmadan 7:6 hesablı üstünlüklə ayrılaraq adımı finala yazdırdım”.
Final qarşılaşmasında taktiki üstünlüyü əldə saxladığını vurğulayan Avropa çempionu, həlledici xalçaya xüsusi motivasiya ilə çıxdığını bildirib: “Həlledici görüşdə Rusiya təmsilçisini 9:1 hesabı ilə məğlub etdim. Finalda daha çox hücum üslubuna üstünlük vermişdim. Qarşılaşmanın ilk dəqiqələrindən təşəbbüsü ələ aldım, parter vəziyyətində rəqibimdən üstün olaraq parlaq qələbəyə nail oldum. Bu böyük uğurumu şəxsi məşqçim Şamxal Ağamalıyevə və atama həsr edirəm. İndiki əsas məqsədim Bakıda keçiriləcək dünya çempionatında da eyni uğuru təkrarlamaq və fəxri kürsünün ən yüksək pilləsinə qalxmaqdır”.
Qeyd edək ki, yunan-Roma güləşi üzrə Azərbaycanın U-17 millisi Avropa çempionatını ümumilikdə 6 medalla başa vuraraq ölkəmizi layiqincə təmsil edib.