Millimizin sabiq yarımmüdafiəçisi Eddi İsrafilov və “Qarabağ”ın keçmiş müdafiəçisi Kevin Medinanın çıxış etdiyi Malayziyanın “Cohor Darul” klubu 2026/2027 mövsümünün hazırlıqları çərçivəsində İngiltərənin “Çelsi” komandası ilə yoldaşlıq görüşündə üz-üzə gəlib.
“Sultan İbrahim” stadionunda keçirilən qarşılaşma azarkeşlərə əsl qol şousu bəxş edib və heç-heçə ilə başa çatıb – 3:3.
Görüşə daha fəal başlayan meydan sahibləri artıq 15-ci dəqiqədə Arif Aymanın dəqiq zərbəsi ilə hesabı açıblar. Lakin London təmsilçisi tədricən təşəbbüsü ələ almağı başarıb. “Çelsi”nin hücumçusu Liam Delap 43 və 62-ci dəqiqələrdə penalti zərbələrini dəqiq yerinə yetirərək komandasını öne keçirib — 1:2.
Meydan sahibləri bu buraxılan qollara cəld cavab veriblər. 65-ci dəqiqədə Oskar Arribas tablodakı tarazlığı bərpa edib. Matçın sonlarına yaxın, 87-ci dəqiqədə Berqson “Cohor Darul Tazim”i yenidən üstün duruma gətirsə də (3:2), Malayziya təmsilçisi üstünlüyünü sonadək qoruya bilməyib. 89-cu dəqiqədə Antonio Qlauderin öz qapısına vurduğu avtoqol “Çelsi”ni məğlubiyyətdən xilas edib.