İspaniyanın çempionluğu ilə başa çatan DÇ-2026-nın final matçından sonra meydanda gərgin anlar yaşanıb. Start fitinin ardından emosiyalarına sahib çıxa bilməyən futbolçular arasında kütləvi dava düşüb.
Qalmaqalın mərkəzində Argentina millisinin 32 yaşlı yarımmüdafiəçisi Leandro Paredes dururdu. O, İspaniya yığmasının 25 yaşlı müdafiəçisi Erik Qarsiyanın boğazından yapışaraq gərginliyi pik həddə çatdırıb. Hadisə barədə BBC-yə danışan əfsanəvi Alan Şirer argentinalı futbolçunun hərəkətini kəskin tənqid edib: “Paredes rəqibin üzünə iki-üç ciddi yumruq zərbəsi endirdi. O, açıq şəkildə hücuma keçmişdi. Futbolda belə şeylərə yer yoxdur. Final fitindən sonrakı bu reaksiya dəhşətlidir”.
Televiziya eksperti Siavuş Fallahi isə bu davranışı “iyrənc və qəddarlıq” kimi xarakterizə edərək, Paredesin qırmızı xətti keçdiyini vurğulayıb.
Meydandakı bu xaos fonunda Argentina millisinin kapitanı Lionel Messi nümunəvi davranışı ilə diqqət çəkib. İngiltərə millisinin sabiq qapıçısı Co Hart onun bu addımını yüksək qiymətləndirib: “Bu rəzalətin içində özünü ən yaxşı tərəfdən göstərən yeganə şəxs Leo Messi oldu. O, təmkinini qoruyaraq bütün İspaniya futbolçularına yaxınlaşdı və onların əlini sıxaraq təbrik etdi”.
Argentina yığmasının baş məşqçisi Lionel Skaloninin çevik müdaxiləsi və yetirmələrini insident zonasından uzaqlaşdırması sayəsində kütləvi davanın daha da böyüməsinin qarşısı alınıb.