İslandiyanın “Vestri” klubunun baş məşqçisi Daniel Osafo-Badu UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Qarabağ”a qarşı keçiriləcək ilk oyun önçəsi keçirilən mətbuat konfransında iddialı və eyni zamanda təmkinli açıqlamalar verib.
Bakıdakı matçın komandası üçün böyük təcrübə olacağını vurğulayan islandiyalı mütəxəssis, Ağdam təmsilçisinin səviyyəsini yüksək qiymətləndirib: “Böyük həyəcan hiss edirik. Belə səviyyəli və güclü bir komandaya qarşı mübarizə aparacağıq. Bizim üçün son dərəcə çətin sınaq olacaq, lakin meydanda potensialımızı maksimum dərəcədə göstərmək üçün əlimizdən gələni edəcəyik”.
Osafo-Badu “Qarabağ”ın yay transfer pəncərəsindəki dəyişikliklərinə baxmayaraq, oyun fəlsəfəsinin sabit qaldığını diqqətə çatdırıb: “Heyətdə müəyyən dəyişikliklər olub, lakin baş məşqçi sükan arxasındadır. Əminəm ki, yeni transferlər tələblərə tez uyğunlaşacaqlar. Komandanın oyun xarakteri dəyişməyib. Bu, Çempionlar Liqasında izlədiyimiz həmin dominant və təhlükəli “Qarabağ”dır. Futbolu yaxından izləyən biri kimi “Qarabağ”ın Avropa kuboklarındakı çıxışlarına bələd idim. Püşkatmadan əvvəl də rəqibimiz haqqında kifayət qədər məlumatım var idi”.
İslandiyalı mütəxəssis püşkatma zamanı futbolçularının verdiyi reaksiyaya da aydınlıq gətirib: “Azərbaycan çox gözəl ölkədir və futbolçularım belə böyük kluba qarşı oynayacaqları üçün həyəcanlıdılar. Gizlətməyəcəyəm, “Qarabağ” bu mərhələdə qarşılaşa biləcəyimiz ən çətin və ən güclü rəqibdir”. Taktiki planları tam açıqlamaq isteməyən “Vestri”nin çalışdırıcısı sürprizə ümid etdiklərini bildirib: “Taktiki incəlikləri tam bölüşmək istəməzdim. “Qarabağ” topla əla davranan, texnikalı və fasiləsiz hücum edən komandadır. Biz, böyük ehtimalla, əks-hücumlarda şansımızı axtaracağıq. Hələlik yalnız bunu deyə bilərəm”.