“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas “Neftçi” ilə qolsuz heç-heçəni şərh edib, komandasının qarşılaşmadakı çıxışını və qarşıdakı Çempionlar Liqası matçına hazırlıq prosesini dəyərləndirib.
Premyer Liqanın VII turunda “Neftçi” ilə “Sabah” arasında keçirilən görüş 0:0 hesabı ilə başa çatıb. Matçdan sonra mətbuat konfransında iştirak edən litvalı mütəxəssis oyunun gedişindən tam razı qalmadığını bildirib.
Dambrauskasın sözlərinə görə, iki güclü komandanın mübarizəsində üstünlük müxtəlif vaxtlarda tərəflərdən birinin əlinə keçib. O, qarşılaşmanın gözlədikləri qədər baxımlı alınmadığını etiraf edib.
“İki güclü komanda üz-üzə gəldi. Oyun bir qədər çirkin alındı. Təbii ki, daha gözəl futbol izləmək istərdik. Bəzən bir komanda, bəzən də digəri üstünlük əldə edirdi. Mənim üçün bu, gözlənilən haldır. Fasilədən sonra futbolçularımız bəzən oyun ritmini itirirdilər. Bəzi oyunçular bu matça qədər bizimlə cəmi bir məşq keçmişdilər. Çalışmalıyıq ki, ritmimizi bərpa edək və “Slaviya” ilə çətin oyuna hazırlaşaq”, – deyə baş məşqçi bildirib.
Mütəxəssis qarşılaşmanın təxirə salınmasını istəməmələrinin səbəbini də açıqlayıb. Onun fikrincə, avrokubok oyunları ərəfəsində çempionat matçlarının təxirə salınması düzgün yanaşma deyil.
“Bu oyunu təxirə salsaq, onda “Borussiya” və “Barselona” ilə qarşılaşmalardan əvvəl də çempionat matçlarımızın təxirə salınmasını istəməliyik. Bu, nə mümkün, nə də zəruridir. Heyətimiz kifayət qədər genişdir və mübarizə apara bilərik”, – deyə Dambrauskas vurğulayıb.
“Sabah”ın çalışdırıcısı ağır çempionat matçından sonra Çempionlar Liqasına hazırlaşmağın çətinliyi barədə suala da münasibət bildirib. O, bunun məşqçi işinin bir hissəsi olduğunu qeyd edib: “Çətin olsa da, olmasa da, bu, mənim işimdir. Futbolçuları qarşıdakı oyunlara hazırlamalıyam. Həyatda hər kəs çətinliklərlə üzləşir. Siz də mətbuat konfransına gəlir, öz yazınızı hazırlayırsınız. Hər kəs öz işini görməlidir. Nəticə yaxşı olanda insanlar işin asan olduğunu düşünürlər”.
Milli fasilə zamanı yoxlama oyunu keçirməyən yeganə komandanın “Sabah” olması və bəzi futbolçuların start heyətində yer almaması ilə bağlı suala cavab verən baş məşqçi qərarının səbəbini oyunçuların fiziki vəziyyəti ilə əlaqələndirib. O bildirib ki, milli komandalardan qayıdan futbolçuların yorğunluğunu nəzərə alaraq, fasilə ərzində komanda ilə məşq edən oyunçulara daha çox şans verməyə çalışıb.
Dambrauskasın sözlərinə görə, sol cinah müdafiəçisi Timateuş Puxaç istisna olmaqla, start heyətində yer alan bütün futbolçular milli fasilə ərzində komanda ilə məşq ediblər. Xaybullayev isə üç məşqdə iştirak edib.
Ötən mövsümlə müqayisədə iş yükünün artmasına da toxunan mütəxəssis avrokuboklarda çıxış etməyin klub üçün böyük arzu olduğunu bildirib. O, ötən mövsüm çempionatın ilk turlarında 5 xal itirdiklərini, bu mövsüm isə 6 turdan sonra cəmi 2 xal itirdiklərini xatırladaraq komandanın nəticələrindən narazı qalmaq üçün əsas görmədiyini deyib.
Stas Pokatilovun qarşılaşmanın qəhrəmanı olub-olmadığı barədə suala isə Dambrauskas qısa cavab verib: “Oyunun qəhrəmanının kim olduğuna özünüz qərar verirsiniz”.