UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununda Bakıda «Qarabağ»la qolsuz heç-heçə edən Sofiya ÇSKA-sının müdafiəçisi Teodor İvanov Bolqarıstan mətbuatına müsahibəsində qarşılaşmanı dəyərləndirib.
Bolqarıstanlı mərkəz müdafiəçisi komandasının mübarizəsini yüksək qiymətləndirərək Ağdam təmsilçisinin gücünü etiraf edib: «Bakıdakı oyun heç də asan deyildi, lakin xarakter nümayiş etdirə bildik. «Qarabağ» çox güclü komandadır. Öz oyunuma gəldikdə isə yaxşı çıxış etdiyimi düşünürəm, amma bundan da yaxşı oynamaq potesialına malikəm».
İvanov rəqibin ön xəttindəki sürəti və xüsusilə də oyuna sonradan qoşulan Elvin Cəfərquliyevin performansını xüsusi qeyd edib: «Onların hücumameyilli futbolçuları çox çevikdirlər. Tipik mərkəz hücumçuları olmasa da, sürətli və texniki oyunçulara üstünlük verirlər. Xüsusilə sonradan meydana daxil olan sol cinah oyunçusu (Elvin Cəfərquliyevi nəzərdə tutur) məni heyran etdi. O, çox keyfiyyətli və əla futbolçudur».
Komandalar arasında cavab qarşılaşması iyulun 30-da Sofiyada keçiriləcək. Cütün qalibi III təsnifat mərhələsində «Şerif» (Moldova) – «Makkabi» (Təl-Əviv, İsrail) duelinin güclüsü ilə üz-üzə gələcək.