UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk matçında Bakıda «Qarabağ»la qolsuz heç-heçəyə razılaşan Sofiya ÇSKA-sının baş məşqçisi Xristo Yanev, qarşılaşmanın ardından Bolqarıstan mətbuatına açıqlama verib.
Mütəxəssis komandasının performansından razı qaldığını və bu nəticənin bir həftə sonra Sofiyadakı “Vasil Levski” stadionunda keçiriləcək cavab matçı öncəsi “qırmızılar”a yaxşı şans qazandırdığını bildirib.
Xristo Yanev futbolçularının nümayiş etdirdiyi xarakterdən və oyun intizamından məmnunluğunu dilə gətirib: “Meydandakı mübarizədən, futbolçuların matça köklənməsindən çox razı qaldım. “Qarabağ”a presinq tətbiq edərək öz oyununu qurmasına imkan vermədik. Arzu və motivasiya yüksək səviyyədə idi. Yaxşı və keyfiyyətli komanda olduğumuzu sübut etdik. Bu nəticə mərhələni keçə biləcəyimizə olan inamımızı artırır.
İstər meydandakı, istərsə də soyunub-geyinmə otağındakı hər kəsi fərqləndirə bilərəm. Bu gün tamamilə fərqli komanda və fərqli yanaşma gördü”.
Baş məşqçi rəqibin hücum xəttini necə zərərsizləşdirdiklərindən və hazırlıq prosesindən danışıb: “Rəqibin güclü tərəflərini bağlamağı bacardıq. Daha yaxşı istifadə edə biləcəyimiz qol epizodlarımız da var idi, lakin maksimalist olmaq lazım deyil. Bu gün meydanda gördüyünüz taktikanı biz cəmi bir dəfə – bərpa məşqində addımlayaraq işləmişdik. Buna baxmayaraq, futbolçular tapşırığı tam dərk etdilər.
Məqsədimiz rəqibin aqressiv oyununa qarşılıq vermək və öz potensialımızı ortaya qoymaq idi. Bakıdan tamamilə inamlı ayrılırıq”. Bolqarıstanlı mütəxəssis artıq diqqəti cavab qarşılaşmasına yönəltdiklərini vurğulayıb: “İndi etdiklərimizi təhlil etməli və 5 gündən sonra keçiriləcək cavab matçında nəyin işimizə yarayacağını doğru müəyyənləşdirməliyik”.