Avropanın nəzərləri bu axşam “Alyans Arena”ya dikiləcək. UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab qarşılaşmasında “Bavariya” öz meydanında son çempion PSJ-ni qəbul edir. Parisdəki dramatik 5:4 hesablı məğlubiyyətdən sonra Münhen təmsilçisi möcüzə reallaşdırmaq, Luis Enrikenin komandası isə titulunu qorumaq niyyətindədir.
Münhenlilərin baş məşqçisi Vensan Kompany matçdan öncə keçirilən mətbuat konfransında kifayət qədər təmkinli, lakin qətiyyətli görünürdü. İlk oyundakı açıq futbolun təkrar olunub-olunmayacağı ilə bağlı suala Kompany belə cavab verib: “Bu, həmişə hər iki komandadan asılıdır. Əgər tərəflərdən biri geri çəkilib müdafiəyə üstünlük versə, oyunda sakit fazalar görə bilərik. Lakin hər iki klubun bura qədər gəldiyi hücum prinsiplərindən imtina edəcəyini təsəvvür etmək çətindir. Biz evdəyik, qələbə üçün hər şeyi edəcəyik”.
Kompany həmçinin bildirib ki, komanda matçın taleyinin penaltilər seriyasında həll olunma ehtimalını da nəzərə alıb. Gənc mütəxəssisin sözlərinə görə, bu komponent mövsümün ikinci yarısından etibarən məşq prosesinin ayrılmaz hissəsidir və sabahkı oyunda bu nöqtədə heç bir “təsadüf” olmayacaq.
PSJ-nin sükançısı Luis Enrike üçün “Alyans Arena” sadəcə bir stadion deyil, həm də xoş xatirələr məkanıdır. Keçən mövsüm bu arenada “İnter”i məğlub edərək çempionluq kubokunu başı üzərinə qaldıran Enrike, builki qarşılaşma öncəsi iddialı danışıb: “Münhenə qayıtmaq həmişə xoşdur. Bizim əlavə motivasiyaya ehtiyacımız yoxdur, 100% hazırıq. Həm keçən ili, həm də “Barselona” ilə burada keçirdiyim uğurlu oyunları xatırlayıram. Bu, mənim üçün daha böyük stimuldur”.
Taktiki mübarizəni tennis dünyasının əfsanəvi rəqabətlərinə (Nadal-Cokoviç) bənzədən Enrike, PSJ-nin son iki mövsümdə çətin anların öhdəsindən gəlməyi öyrəndiyini və Münhendəki gərgin atmosferə tab gətirəcəklərini vurğulayıb.
Mətbuat konfransının diqqətçəkən məqamlarından biri də “Arsenal”ın baş məşqçisi Mikel Artetanın “Bavariya” və PSJ-nin daxili çempionatlardakı rahatlığı sayəsində futbolçularına rotasiya imkanı yaratması ilə bağlı səsləndirdiyi fikirlər olub. İngiltərə futboluna yaxından bələd olan Kompany Artetanın yanaşmasını dəstəkləyib: “Mikelin dediklərini tənqid kimi yox, mövcud vəziyyətin təhlili kimi qiymətləndirirəm. Premyer Liqadakı sıx təqvim və qış fasiləsinin yoxluğu hər kəsə məlumdur. Kloppun da dəfələrlə vurğuladığı kimi, bu, olduqca məntiqli yanaşmadır”.
UEFA Çempionlar Liqası, 1/2 final (cavab oyunu)
“Bavariya” (Almaniya) – PSJ (Fransa)
Tarix: 6 may
Saat: 23:00
Məkan: Münhen, “Alyans Arena” stadionu
Baş hakim: Joau Pineyru (Portuqaliya)
İlk oyun: 4:5
Canlı yayım: CBC Sport, TRT 1