Rumıniyanın paytaxtı Buxarest şəhərində şahmatın rapid növü üzrə növbəti Qran-Pri turnirinə start verilib. 581 şahmatçının mübarizə apardığı nüfuzlu yarışda ölkəmizi Rauf Məmmədov və Aydın Süleymanlı təmsil edir.
İsveçrə sistemi üzrə 10 turdan ibarət olan turnirin ilk günündə 4 tur geridə qalıb. Təmsilçilərimiz yarışa uğurlu start verərək maksimum nəticə göstəriblər.
Rauf Məmmədov keçirdiyi 4 oyunun hər birində qələbə qazanaraq 4 xal toplayıb. Hazırda əlavə göstəricilərə görə turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
Aydın Süleymanlı eyni nəticəni göstərərək 11-ci yerdə qərarlaşıb.
Turnirdə iştirakçı sayının çoxluğu və rəqabətin kəskinliyi fonunda hər iki şahmatçımızın itkisiz irəliləməsi çempionluq şanslarını artırır.