Braziliya hüquq-mühafizə orqanları ölkənin bir neçə ştatında narkotik və silah alveri ilə məşğul olan mütəşəkkil cinayətkar dəstəyə qarşı genişmiqyaslı əməliyyata başlayıb. Rəsmi mənbələrin bildirdiyinə görə, cinayət şəbəkəsi ilə əlaqədə şübhəli bilinənlər arasında peşəkar futbolçular və futbol menecerləri də var.
“O Globo” nəşrinin məlumatına görə, polisin əsas hədəflərindən biri Braziliyanın köklü klublarından sayılan “Vasko da Qama”nın hücumçusu David Korreadır. “G1” xəbər portalı isə bildirir ki, karyerasına “Santos”un akademiyasında başlayan və hazırda Parana ştatının “Azuriz” komandasında çıxış edən digər futbolçu Renyer Oliveyra reydlər zamanı hüquq-mühafizə orqanlarına müqavimət göstərdiyi və məhkəməyə hörmətsizlik etdiyi üçün həbs olunub.
Əməliyyat çərçivəsində təhlükəsizlik qüvvələri Espiritu-Santu, Qoyas və Rio-de-Janeyro ştatları ilə yanaşı, Federal Dairədə (Brazilya) ümumilikdə 4 ilkin həbs qətimkan qərarını icra edib və 15 ünvanda axtarış aparıb.