Bolqarıstanın “Tema Sport” nəşri Avropa Liqasının təsnifat mərhələsi çərçivəsində baş tutacaq ÇSKA – “Qarabağ” cavab matçı ərəfəsində bukmeker kontorlarının əmsallarında kəskin dəyişiklik olduğunu yazıb. Nəşrin iddiasına görə, cütün favoriti artıq Sofiya təmsilçisi hesab olunur.
Dünyanın aparıcı mərc şirkətlərindən olan “Bet365”, “Vasil Levski” stadionunda keçiriləcək görüşdə ÇSKA-nın qələbəsinə 2.50, “Qarabağ”ın isə 2.70 əmsal təyin edib. Heç-heçə 3.20 kimi qiymətləndirilir. Bolqarıstan klubunun III təsnifat mərhələsinə yüksəlmək ehtimalı 1.80 (52%), Qurban Qurbanovun rəhbərlik etdiyi komandanın şansları isə 1.95 (48%) olaraq müəyyənləşdirilib.
Maraqlıdır ki, ilk oyundan əvvəl nüfuzlu “Football Meets Data” simulyasiyası Azərbaycan çempionunun mərhələni keçmək şansını 71% göstərirdi. Tofiq Bəhramov adına Respublika Stadionunda qeydə alınan qolsuz (0:0) bərabərlikdən dərhal sonra belə, “Qarabağ” 59%-in 41%-ə nisbətində cütün aşkar favoriti idi. Lakin son günlər ərzində mərc tendensiyası tədricən ÇSKA-nın xeyrinə dəyişib.
“Tema Sport” qeyd edir ki, ÇSKA-nın Bakıda 3 mərkəz müdafiəçisi ilə meydana çıxması uğurlu taktiki gediş olub və son 15 dəqiqədəki kəskin təzyiqi çıxmaqla, “Qarabağ”ın hücumları böyük ölçüdə neytrallaşdırılıb.
Nəşr Bolqarıstan komandasının tarixi statistikasına da diqqət çəkib: ÇSKA səfərdə ilk oyunda heç-heçə etdiyi 15 avrokubok duelinin cavab matçında evdə yalnız bir dəfə (Rumıniya “Styaua”sına) məğlub olub (7 qələbə, 7 heç-heçə). Ümumilikdə, bu 15 cəhdin 10-da bolqarlar növbəti mərhələyə vəsiqə qazanmağı bacarıb.