Bu gün “Qarabağ” UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində səfərdə Bolqarıstanın ÇSKA klubu ilə qarşılaşacaq.
Yerli çempionat hələ başlamadığı üçün Qurban Qurbanovun yetirmələri bu həlledici matça hazırlaşmaq və bərpa olunmaq üçün tam bir həftə vaxt qazanıblar.
Bolqarıstan mətbuatının məlumatına görə, ÇSKA-nın baş məşqçisi Hristo Yanev daxili çempionatda “Botev” üzərindəki qələbəyə (3:2) baxmayaraq, hələ də azarkeşlərin təzyiqi altındadır. Mütəxəssisin Bakıdakı ilk matçda olduğu kimi bu gün də 3 mərkəz müdafiəçisi və sıx yarımmüdafiə xəttindən ibarət taktikanı qoruyacağı gözlənilir.
Yanev cinah oyunçuları David Pastor və Anxelo Martino ilə xüsusi söhbət edərək, onlara həm müdafiədə etibarlı olmağı, həm də hücumlara daha aktiv qoşulmağı tapşırıb.
İlk matçda iştirak etməyən Ceyms Eto’o artıq sərəncamdadır. Lakin Bakıda matçın ən yaxşısı seçilən Jan-Filip Qbamen yenə müdafiənin əsas sütunu olacaq. Yarımmüdafiənin mərkəzində Stefano Sensi, Jordao və Ebonq üçlüyü yer alacaq. Hücum xəttinə gəlincə, “Botev”lə matçda dubl edən Yoel Zvartsın ehtiyatda qalacağı, onun əvəzinə yenə İoannis Pitas və Santyaqo Qodoy tandeminin əsas heyətdə meydana çıxacağı ehtimal edilir.
Bakı vaxtı ilə saat 22:00-da start götürəcək oyunu belçikalı FIFA referisi Bram van Drişe idarə edəcək.
Bu cütün qalibi UEFA Avropa Liqasının III təsnifat mərhələsində Moldova “Şerif”i ilə İsrailin “Makkabi” (Təl-Əviv) komandaları arasındakı cütün qalibi ilə qarşılaşacaq. İlk görüşdə “Makkabi” səfərdə 5:0 hesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəlmək yolunda böyük üstünlük əldə edib.
Məğlub tərəf isə mübarizəni UEFA Konfrans Liqasının III təsnifat mərhələsində davam etdirəcək. Həmin komanda Ukraynanın “Dinamo” (Kiyev) və Yunanıstanın PAOK klubları arasındakı cütün məğlubu ilə üz-üzə gələcək. Bu cütün ilk oyununda PAOK 3:2 hesabı ilə qalib gəlib.