UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin AGF (“Orxus”) – “Sabah” arasında keçiriləcək ilk oyunu sloveniyalı referi Rade Obrenoviç idarə edəcək. Qarşılaşma Danimarkanın Randers şəhərindəki “SeFeus Park” stadionunda baş tutacaq.
34 yaşlı hakimin bu təyinatı mətbuatın da diqqətindən yayınmayıb. Buna səbəb Obrenoviçin ötən mövsüm UEFA Avropa Liqasında “Feyenoord” – “Aston Villa” matçında yol verdiyi və futbol ictimaiyyətində geniş müzakirələrə səbəb olan kobud səhvdir.
Həmin qarşılaşmada “Feyenoord”un vurduğu təmiz qol referinin oyunu vaxtından əvvəl dayandıraraq “Aston Villa”nın xeyrinə cərimə zərbəsi təyin etməsi səbəbindən qeydə alınmamışdı. Bu epizoddan sonra sloveniyalı hakim “Feyenoord”un o vaxtkı baş məşqçisi Robin van Persidən üzr istəyərək, oyunu dayandırmaqda tələsdiyini və epizodun sonunadək davam etməsinə imkan verməli olduğunu etiraf etmişdi.
Bununla belə, Obrenoviç UEFA-nın ən təcrübəli hakimlərindən biri hesab olunur. Transfermarkt-ın statistikasına əsasən, o, karyerası ərzində 337 oyunu idarə edib ki, bunların da əhəmiyyətli hissəsi UEFA Çempionlar Liqası, Avropa Liqası, Konfrans Liqası və milli komandaların beynəlxalq görüşlərinə təsadüf edir.
Sloveniyalı referi ötən mövsüm Çempionlar Liqasında “Arsenal”, “Bavariya”, “Tottenhem” və “Real”ın oyunlarında baş hakim olub. O, həmçinin 2024-cü ildə UEFA Millətlər Liqasında Danimarka – İspaniya (1:2) qarşılaşmasını da idarə edib.
Obrenoviç intizam məsələlərində sərt hakim kimi tanınır. Statistikaya görə, o, karyerası ərzində idarə etdiyi 337 matçda orta hesabla hər oyunda 4,1 sarı vərəqə göstərib.