“Sabah”dan İsveçrənin “Bazel” komandasına transfer olunan fransalı vinger Aaron Maluda “bayquşlar”la vidalaşıb.
20 yaşlı futbolçu “Instagram” hesabında paylaşım edərək “Sabah” ailəsinə minnətdarlığını bildirib.
Fransalı hücumçu vida paylaşımında “Sabah”a və klubun azarkeşlərinə təşəkkürünü bildirib. O, çətin dönəmdə özünə etimad göstərən klub rəhbərliyinə minnətdarlığını ifadə edərək, komandada yalnız komanda yoldaşları deyil, həm də ömürlük qardaşlar qazandığını vurğulayıb.
Futbolçu “Sabah”dakı ilk mövsümündə böyük etimad gördüyünü qeyd edərək, komanda ilə birlikdə klub tarixinin ilk ölkə çempionluğunu və kubokunu qazanaraq “qızıl dubl”a imza atmağın qürurunu yaşadığını bildirib.
Vida mesajının sonunda isə fransalı hücumçu bundan sonra da “Sabah”ın ən böyük azarkeşi olacağını, klubun gələcəkdə layiq olduğu bütün uğurlara çatmasını arzuladığını qeyd edərək, hər kəsə təşəkkür edib.