Bakıda keçiriləcək güləş üzrə U-17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb. Azərbaycan Güləş Federasiyasının (AGF) məlumatına görə, Dünya Güləş Birliyinin (UWW) təsdiqlədiyi yekun siyahı turnirin rekord göstəricilərlə tarixə düşəcəyini təsdiqləyir.
Milli Gimnastika Arenasının ev sahibliyi edəcəyi bu mötəbər yarış idmançı sayına görə son 13 ilin, təmsil olunan ölkələrin miqyasına görə isə son 8 ilin zirvə göstəricisinə imza atacaq.
663 idmançı, 272 məşqçi və 64 beynəlxalq hakimin iş başında olacağı mötəbər turnirdə ümumilikdə 1100-dən artıq qonaq paytaxtımızın qonağı olacaq. 27 iyul – 2 avqust tarixlərində təşkil olunacaq dünya çempionatında gələcəyin ulduzları sərbəst, yunan-Roma və qadın güləşi üzrə çempionluq uğrunda xalça üzərinə çıxacaqlar. Hazırda Azərbaycan Güləş Federasiyası tərəfindən turnirin yüksək təşkilatçılıq səviyyəsində baş tutması üçün bütün zəruri hazırlıq işləri sürətlə davam etdirilir.