“Kəpəz” Tovuz səfərində son dəqiqə qolu ilə məğlubiyyətə üzülüb. Gəncə təmsilçisi “Turan-Tovuz”la Qərb derbisində hesabı bərabərləşdirsə də, 90+1-ci dəqiqədə qapısında qol görərək meydanı xalsız tərk edib. Baş məşqçi Azər Məmmədov isə komandasının mübarizəsindən razı qalıb və ən azı bir xal qazanmağa layiq olduqlarını bildirib.
Mütəxəssis qarşılaşmadan sonra keçirilən mətbuat konfransında oyunun əhəmiyyətini vurğulayıb: “Bizim üçün vacib oyun idi. Çempionatın liderlərindən birinə qarşı oynadığımızı bilirdik. Rəqib fiziki cəhətdən güclü komandadır. Buna baxmayaraq, futbolçularımız layiqli mübarizə apardılar. Rəqibin turnir cədvəlindəki mövqeyindən çəkinmədik, sona qədər döyüşdük. Nəticə bizi məyus etsə də, düşünürəm ki, ən azı bir xala layiq idik. Gəncədən gələn çoxsaylı azarkeşlərimizə təşəkkür edirəm. Bizi tək qoymadılar. Göstərdikləri performansa görə futbolçularıma da minnətdaram”.
Vaxtilə “Turan-Tovuz”un formasını geyinmiş Azər Məmmədov indiki Qərb derbisi ilə əvvəlki illərdəki qarşılaşmaları da müqayisə edib. O, xüsusilə 2004-2005 mövsümünü xatırladıb: “Bizim vaxtımızda derbilər çox maraqlı keçirdi. 2004-2005 mövsümünü xüsusi qeyd edərdim. Həmin çempionat Azərbaycan futbolu tarixinin ən yaxşı liqa dönəmlərindən biri idi”.
“Kəpəz”in baş məşqçisi rəqibin standart vəziyyətlərdə və hava mübarizəsindəki üstünlüyünə qarşı xüsusi hazırlıq gördüklərini də bildirib. Onun sözlərinə görə, heyət seçimi zamanı bu amil nəzərə alınsa da, hər iki qol uzun ötürmələrdən sonra vurulub.
Məmmədov komandasının buraxdığı ikinci qola da münasibət bildirib. O, futbolçularına rəqibin uzun ötürmələrinin qarşısını almağı tapşırdığını, lakin bu planın istənilən səviyyədə icra olunmadığını deyib: “Buna görə bir qədər emosional idim”.
Gəncə təmsilçisinin çalışdırıcısı ilin sonunadək qarşılaşmalarının hamısını səfərdə keçirəcəklərinə baxmayaraq, hədəflərinin dəyişmədiyini vurğulayıb. Məmmədov qarşıdakı üç oyunda yalnız qələbə barədə düşündüklərini söyləyib: “Hər oyuna qələbə qazanmaq üçün çıxırıq. Futbolçularımıza da əsas tapşırığımızın qol buraxmamaq olduğunu deyirik. Çünki hücumda daha fəal oynaya bilirik. Səkkiz turdan sonra ilk dəfə idi ki, iki qol buraxdıq. Qarşıdakı üç oyunda məqsədimiz yalnız qələbədir”.