Premyer Liqanın XXVIII turunda evdə “İmişli”yə minimal hesabla (0:1) məğlub olan “Kəpəz”in baş məşqçisi Azər Bağırov qarşılaşmadan sonra mətbuat konfransında çıxış edib. Mütəxəssis məğlubiyyətin səbəbləri, komanda daxilindəki ab-hava və qapıçı Yusif İmanovun azarkeşlərlə yaşadığı insidentə münasibət bildirib.
Rəqibin müdafiə futboluna hazır olduqlarını bildirən baş məşqçi, qol epizodunda diqqətsizlik nümayiş etdirdiklərini vurğulayıb: “Biz “İmişli”nin müdafiədə necə sıx oynadığını bilirdik və futbolçularımıza bu barədə tapşırıqlarımızı vermişdik. Xüsusilə standart vəziyyətlər zamanı maksimum ehtiyatlı olmağı tapşırmışdıq. Təəssüf ki, məhz standart vəziyyətdən qol buraxdıq. Qarşıdakı oyunlar bizim üçün həlledicidir. Bu məğlubiyyəti unudub, komandanı qələbəyə kökləməliyik”.
Son vaxtlar mətbuatda “Kəpəz”in rəhbərliyindəki mümkün dəyişikliklərlə bağlı yayılan xəbərlərin oyunçulara psixoloji təsirinə gəlincə, Bağırov bunları deyib: “Futbolçular da insandır, hər şey ola bilər. Lakin mənə elə gəlir ki, oyuna yaxşı hazırlaşmışdıq. Rəhbərlik dəyişə bilər, bu, futbolun bir parçasıdır və normal prosesdir. Peşəkar futbolçu bu fikirlərdən uzaq olmalıdır. Gəncənin Azərbaycan futbolundakı yerini hər kəs bilir. Burada çıxış etmək üçün daha məqsədyönlü və xarakterli olmaq lazımdır”.
Matçdan sonra qapıçı Yusif İmanovla azarkeşlər arasında yaşanan gərginlik baş məşqçinin diqqətindən qaçmayıb: “Yusifin nə qədər əsəbi olmasından asılı olmayaraq, azarkeşlərə qarşı belə davranışı qəbuledilməzdir. O, özü də səhvini başa düşüb. Bizi sona qədər dəstəkləyən insanlarla bu cür rəftar etmək olmaz. Yusif tərəfimdən şəxsən cəzalandırılacaq”.
Komandanın hər mövsüm elitada qalmaq uğrunda mübarizə aparmasına da toxunan mütəxəssis, büdcə və heyət məsələsinə diqqət çəkib: “Məsələyə başqa tərəfdən baxaq. İlk 5-6 yer uğrunda mübarizə aparan klublarla aramızdakı büdcə fərqi hər şeyi deyir. Yuxarı pillələr üçün ən azı 18 bərabərsəviyyəli futbolçudan ibarət heyət lazımdır. Keyfiyyətli futbolçu komandanı irəli aparan əsas qüvvədir”.