Bu gün Avropa Liqasında mövsümün ən kritik mərhələlərindən biri start götürür. Yarımfinalın ilk oyunları çərçivəsində azarkeşləri iki fərqli, lakin eyni dərəcədə gərgin mübarizə gözləyir. Final yolunda üstünlük qazanmaq istəyən komandalar bu axşam bütün güclərini ortaya qoyacaqlar.
Günün mərkəzi qarşılaşması İngiltərə təmsilçiləri arasında baş tutacaq. Premyer Liqadan yaxşı tanıdığımız iki klub bu dəfə qitə miqyaslı turnirin finalı uğrunda vuruşur.
Nottingem Forest öz meydanında azarkeş dəstəyindən maksimum istifadə edərək cavab oyunu öncəsi sərfəli nəticə əldə etməyə çalışacaq. Aston Villa isə bu mövsümkü stabil çıxışı ilə cütün favoriti hesab olunsa da, derbi xarakterli bu matçda hər an sürpriz yaşana bilər.
Gecənin digər diqqətçəkən qarşıdurması Portuqaliyada baş tutacaq. Texnikası ilə seçilən Portuqaliya futbol məktəbi ilə Almaniya nizam-intizamı üz-üzə gələcək. Meydan sahibi “Braqa” hücumameyilli futbolu və doğma divarlar arasındakı təzyiqli oyunu ilə rəqibini sıxışdırmaq niyyətindədir. ‘Frayburq’ isə səfərdən ən azı bir qol və ya sərfəli heç-heçə ilə dönərək, cavab matçı öncəsi üstünlük qazanmağa çalışacaq.
Avropa Liqası, 1/2 final (ilk oyunlar)
30 aprel 23:00 Nottingem Forest (İngiltərə) – Aston Villa (İngiltərə)
TV: İctimai TV, TRT Spor
30 aprel 23:00 Braqa (Portuqaliya) – Frayburq (Almaniya)