Bakıda keçiriləcək Avropa çempionatının maskotları bəlli oldu: Cırtdan və Göyçək Fatma
Qadın voleybolçular arasında keçiriləcək Avropa çempionatının Bakı oyunlarının rəsmi maskotları müəyyənləşib. Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinin məlumatına görə, turnirin rəsmi simvolları milli nağıl qəhrəmanlarımız Cırtdan və Göyçək Fatma olacaq.
Təşkilatçılar Cırtdanın cəsarəti, hazırcavablığı və yüksək enerjisi ilə tribunaların əhval-ruhiyyəsini qaldıracağını, Göyçək Fatmanın isə zərifliyi və səmimiyyəti ilə Azərbaycanın zəngin qonaqpərvərliyini nümayiş etdirəcəyini vurğulayıblar. Bu personajlar təkcə yarışın əyləncəli tərəfini təmin etməyəcək, həm də ölkəmizin mədəni irsini və milli dəyərlərini beynəlxalq arenada təbliğ edən əsas simvollar olacaq.
Qitə birinciliyi 21 avqust – 6 sentyabr tarixlərində Azərbaycan, Türkiyə, Çexiya və İsveçin birgə ev sahibliyi ilə təşkil olunacaq.
Azərbaycanda C qrupunun oyunları keçiriləcək. Yığmamızla yanaşı Niderland, Belçika, Rumıniya, İspaniya və Portuqaliya milli komandalarının yer aldığı qrup qarşılaşmaları 21-28 avqust tarixlərində Milli Gimnastika Arenasında baş tutacaq.