İngiltərə Premyer Liqası klubları adətən böyük transfer xərcləri ilə gündəmə gəlsələr də, bu yay satışlardan əldə etdikləri gəlirlə də diqqət çəkirlər. “Aston Villa”, “Mançester Siti” və “Nyukasl” transfer pəncərəsinin son günlərində tarixi rekordu yeniləyə bilər.
“Transfermarkt”ın avqustun 26-na olan məlumatına görə, “Aston Villa” futbolçu satışlarından 293,1 milyon avro, “Mançester Siti” 278,6 milyon avro, “Nyukasl” isə 275,5 milyon avro gəlir əldə edib.
Bir transfer pəncərəsində satışlardan ən çox gəlir əldə edən klub isə hələlik “Monako”dur. Fransa təmsilçisi 2018/19 mövsümündə futbolçu satışlarından təxminən 360 milyon avro qazanaraq rekord müəyyənləşdirib.
“Aston Villa”nın gəlirində əsas pay Morqan Rocersin “Çelsi”yə 138 milyon avroya transferindən gəlib. Birmingem klubu həmçinin Ezri Konsa, Yuri Tilemans və Lukas Din kimi futbolçularını da satıb. Komanda bu yay transferlərə 160,5 milyon avro xərcləyib və 132,6 milyon avroluq müsbət balans formalaşdırıb.
“Mançester Siti” isə Savio, Ticanı Reynders, Rodri, Ceyms Trafford, Manuel Akanji və Natan Ake kimi futbolçuların satışından 278,6 milyon avro əldə edib. Bununla yanaşı, “şəhərlilər” heyətin yenilənməsinə 273,7 milyon avro xərcləyiblər. Klubun hazırkı transfer balansı cəmi 4,8 milyon avro müsbətdir.
“Nyukasl”ın 275,5 milyon avroluq gəlirinin böyük hissəsini Sandro Tonalinin “Tottenhem”ə (108 milyon avro), Bruno Gimaraeşin “Arsenal”a (87,5 milyon avro) və Entoni Qordonun “Barselona”ya (80 milyon avro) transferləri təmin edib. Klubun transfer xərcləri isə 197 milyon avro təşkil edib.
“Monako”nun 2018/19 mövsümündə müəyyənləşdirdiyi rekordun əsasını isə Kiliana Mbappenin PSJ-yə 180 milyon avroya satılması qoyub. Həmin yay Tomas Lemar 72, Fabinyo isə 45 milyon avroya transfer olunmuşdu.
Qeyd edək ki, “Çelsi” 2025/26 mövsümündə futbolçu satışlarından 321 milyon avro, “Atletiko Madrid” isə 2019/20 mövsümündə təxminən 314 milyon avro gəlir əldə edib. Transfer pəncərəsinin sentyabrın 1-də bağlanacağını nəzərə alsaq, “Aston Villa”, “Mançester Siti” və “Nyukasl”ın qarşıdakı günlərdə edəcəyi satışlar “Monako”nun rekordunun yniləyə bilərlər.