Şimali Amerikada keçiriləcək mundialın startına sayılı həftələr qalmış Argentina millisinin heyətində ciddi təşviş yaşanır. Buna səbəb Lionel Messinin MLS-də keçirilən son matçda zədələnərək meydanı vaxtından əvvəl tərk etməsi olub.
Hadisə qarşılaşmanın 73-cü dəqiqəsində baş verib. Arxa əzələsindən narahatlıq keçirən 38 yaşlı superulduz əvəzlənməsini tələb edib və birbaşa paltardəyişmə otağına yollanıb.
Matçdan sonrakı mətbuat konfransında “İnter Mayami”nin baş məşqçisi Qilyermo Hoyos jurnalistlərin suallarını cavablandırıb. “Marca” nəşrinin məlumatına görə, argentinalı mütəxəssis ciddi bir zədə gözləmədiyini bildirib: “Hələlik konkret diaqnoz barədə məlumatımız yoxdur. Meydançanın örtüyü çox ağır idi və bu, oyunçuya əlavə yük yaratdı. Risq etməmək üçün onu əvəzləməli olduq, sadəcə yorğunluq əlamətləri var idi”.
Messi meydanı tərk etsə də, “İnter Mayami” “Filadelfiya” üzərində 6:4 hesablı qələbə qazanaraq, dünya çempionatı ilə bağlı fasiləyə ruh yüksəkliyi ilə yollanıb.
Messinin karyerasında sayca altıncı dünya çempionatında iştirak edib-etməyəcəyi hələ rəsmən təsdiqlənməsə də, ekspertlər onun turnirdə komandasına kömək edəcəyini proqnozlaşdırırlar. Argentina millisi mundialda ilk oyununu iyunun 17-də Əlcəzairə qarşı keçirəcək.