Premyer Liqanın 26-cı turuna maraqlı qarşılaşma ilə yekun vuruldu. Lider “Sabah” səfərdə “Araz-Naxçıvan”ı məğlub etdi. Altı qolun vurulduğu dramatik mübarizə paytaxt təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatdı.
Bəzən rəqəmlər hər şeyi ifadə etmir. “Araz-Naxçıvan” – “Sabah” matçı sadəcə bir futbol qarşılaşması deyil, iradə savaşı idi. Meydan sahibləri hər dəfə qol vurduqda “Sabah” daha güclü şəkildə cavab verdi.
Santosun açılış qolundan sonra çoxları liderin büdrəyəcəyini düşünsə də, Simiç, Mikkels və Parris trio şəklində rəqib müdafiəsini darmadağın etdilər. 6 qollu bu oyun Premyer Liqanın bu mövsümkü ən yaddaqalan səfər oyunlarından biri oldu.
ARAZ-NAXÇIVAN – SABAH 2:4 (2:2)
Qollar: Santos, 7 (1:0), Simiç, 13 (1:1), Keyta, 25 (2:1), Mikkels, 37-pen. (2:2), 63-pen. (2:3), Parris, 82 (2:4)
Baş hakim: Fərid Hacıyev.
Araz-Naxçıvan (AN): Tərlan Əhmədli, Bəxtiyar Həsənalızadə (k), Slavik Alxasov, Rahil Məmmədov, Mustafa Əhmədzadə (Ramon, 85), Patrik Andrade, Issuf Paro (Ürfan Abbasov, 77), Nunu Rodriqeş, Hamidu Keyta, Felipe Santos (Coşqun Diniyev, 85), Ba-Muaka Simakala (Şarl Boli, 77).
Sabah: Stas Pokatilov (k), Velko Simiç, Coy-Lens Mikkels, Akim Zedadka, Stiv Solve, Timoteuş Puxaç, Abdulla Xaybulayev, Kahim Parris (Orfe Mbina, 82), Umarəli Rahmonəliyev, Aleksey İsayev (Aaron Maluda, 46), İqor Noqeyra.
Sarı vərəqələr: Santos, 44. Keyta, 61. Diniyev, 70. Abbasov, 90+6.