UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab matçında “Neftçi” ilə qarşılaşacaq Belarusun “Dinamo-Minsk” klubunun baş məşqçisi Aleksandr Şaqoyko görüşdən öncə fikirlərini bölüşüb. İlk oyunda 4:2 hesabı ilə qalib gələn Minsk təmsilçisinin çalışdırıcısı Bolqarıstanın Stara-Zaqora şəhərində keçiriləcək qarşılaşma öncəsi iddialı danışıb.
Mütəxəssis “Neftçi”nin revanş üçün ilk dəqiqələrdən hücuma atılacağını nəzərə aldıqlarını bildirib: “Səfər matçında hesabda geridə olan tərəf rəqibdir və onların müəyyən taktiki dəyişikliklər edəcəyini gözləyirik. İlk oyunda matçın startında buraxdığımız iki qoldan lazımi nəticə çıxarmışıq. Həm nəzəri söhbətlərdə, həm də məşqlərdə müəyyən düzəlişlər etdik. Unutmamalıyıq ki, qarşımızda fərdi baxımdan çox keyfiyyətli futbolçulara malik güclü rəqib var. Lakin bu dəfə “Neftçi”nin ilk dəqiqələrdən edəcəyi aqressiv pressinqə və təzyiqə tam hazır olacağımıza inanıram”.
Şaqoyko mərhələ adlamaqla yanaşı, komandasının inkişafı üçün qələbə qazanmaq istədiklərini vurğulayıb: “Bizi növbəti mərhələyə daşıyacaq hər bir nəticə sevindirici olar. Lakin komandanın inkişafı və özünəinamı üçün yalnız hesabı qorumaqla kifayətlənmək istəmirik. İlk matçda olduğu kimi, hücumda nəticə vermək və yenidən qələbə qazanmaq niyyətindəyik. Əsas prioritetimiz mərhələni keçmək, ikinci hədəfimiz isə öz daxili iddialarımızı gerçəkləşdirməkdir”.