“Qarabağ”da növbəti böyük ayrılıq gerçəkləşib. Ağdam klubunun uzun illər əsas simalarından olan fransalı vinger Abdella Zubir komanda ilə vidalaşıb.
Ötən axşam komanda yoldaşları və klub rəhbərliyi ilə sağollaşan 34 yaşlı futbolçu karyerasını Qətərdə davam etdirəcək. Təcrübəli oyunçu yaxın vaxtlarda Qətərin “Əl-Şəhaniya” klubu ilə rəsmi sözləşmə imzalayacaq.
Xatırladaq ki, Abdella Zubir 2018-ci ilin yayından “Qarabağ”ın heyətində çıxış edirdi. Bu illər ərzində o, Ağdam təmsilçisinin forması ilə dəfələrlə Azərbaycan Premyer Liqasının qızıl medallarını və ölkə kubokunu qazanıb. O, avrokubokların qrup və pley-off mərhələlərində parlaq oyunları ilə azarkeşlərin sevgisini qazanıb.