Milli komandamızın baş məşqçisi Ayxan Abbasov “FIFA Series” turniri çərçivəsində Sent-Lusiya ilə keçiriləcək oyunöncesi mətbuat konfransına qatılıb. Çalışdırıcı komandadakı atmosfer, heyət seçimi və ölkə futbolunun ümumi vəziyyəti barədə maraqlı açıqlamalar verib.
Bu toplanışın əhəmiyyətinə toxunan Abbasov, komandanın əsas hədəfinin qarşıdakı rəsmi turnir olduğunu bildirib: “Bu, bizim ilk toplanışımızdır. Millətlər Liqasının startına qədər iki belə hazırlıq mərhələsi planlaşdırırıq. Vaxtımız az olsa da, futbolçuların əhval-ruhiyyəsi və forması sevindiricidir. Rəqiblər haqqında məlumat toplamağa çalışırıq. İnanıram ki, maksimum nəticə əldə edəcəyik”.
Qapıçı seçimi barədə danışan baş məşqçi rəqabətin yüksək olduğunu vurğulayıb: “Yusifin legioner karyerası uğurlu olmadı və o, yenidən «Kəpəz»ə döndü. Əsas heyətdəki yerini itirsə də, son vaxtlar öz oyununu bərpa etməkdədir. Biz hazırda üç qapıçı ilə yanaşı, kapitanımız Şahruddin Məhəmmədəliyevi də düşərgəyə dəvət etmişik. Şahruddin zədəli olsa belə, liderlik keyfiyyətlərinə görə bizimlədir. Bu, dünya praktikasında qəbul olunmuş bir haldır. Yusifə gəlincə, yığmanın qapıları onun üzünə bağlanmayıb, hər an dəvət ala bilər'”.
Ayxan Abbasov sabahkı matçda əsas diqqətin nəticəyə deyil, kollektiv oyuna yönələcəyini vurğulayıb. O, ötən mövsüm futbolçuların böyük psixoloji təzyiq altında olduğunu, bu səbəbdən bəzi sınaqların təxirə salındığını qeyd edib. Heyətdəki dəyişikliklərə toxunan baş məşqçi, hər iki rəqibə (Sent-Lusiya və Syerra-Leone) qarşı fərqli planlarının olduğunu bildirib.
Eyni zamanda həm klub (“Şamaxı”), həm də milli səviyyəsində işləməyin çətinliklərindən danışan mütəxəssis, Millətlər Liqasındakı rəqibləri küçümsəməməyə çağırıb: “Litva və Lixtenşteynlə aramızda böyük fərq yoxdur, hər oyuna ciddi yanaşmalıyıq”.
U-19 millimizin Litvaya 0:4 hesablı məğlubiyyətini şərh edən mütəxəssis, gələcəklə bağlı həyəcan təbili çalıb: “Problemlər haqqında səhərə qədər danışa bilərik, amma reallıq budur ki, vəziyyət pisləşir. Mərkəzi müdafiəçilərimizin yaş ortalaması yüksəkdir. Gənclər yığmasının məşqçisi də eyni sıxıntıdan şikayət edir. Bir neçə ildən sonra bəzi mövqelərdə ciddi oyunçu qıtlığı ilə üzləşəcəyik”.
Abbasov millinin uzun müddətdir qalib gələ bilməməsinə də toxunub:“Artıq bir ildən çoxdur ki, qələbə qazana bilmirik. Bu seriyanı qırıb azarkeşləri sevindirməliyik. Statistikaya gəlincə, biz konkret nəticədən çox, sistem qurmağa fokuslanmışıq. Ötən il təzyiq çox idi, amma indi futbolçularda böyük istək var. Sabah kollektiv oyun nümayiş etdirmək bizim üçün hər şeydən vacibdir”.