“Qarabağ”da heyətin optimallaşdırılması prosesi davam edir. Ağdam təmsilçisinin vidalaşmağa hazırlaşdığı legionerlərin siyahısına daha bir ad əlavə olunub.
Artıq icarə müddəti başa çatan Sami Mmaenin Xorvatiyanın “Dinamo” (Zaqreb) klubuna dönəcəyi dəqiqləşib. Lakin “köhlən atlar”ın transfer siyahısında yeganə ayrılıq bu deyil. Komandanın mərkəz yarımmüdafiəçisi Kris Kuaku da yay transfer pəncərəsində komandanı tərk edə bilər.
26 yaşlı Kot-d’İvuarlı yarımmüdafiəçinin performansı texniki heyəti qane etmir. Verilən şansları dəyərləndirə bilməyən və əsas heyətə düşməkdə çətinlik çəkən Kuakunun başqa kluba icarəyə göndərilməsi planlaşdırılır. Lakin klubun rəhbərliyi və məşqçilər korpusu oyunçu üçün sərfəli təklif gələcəyi təqdirdə, onunla birdəfəlik vidalaşma variantını da istisna etmir.
Qeyd edək ki, Kris Kuakunun “Qarabağ”la hazırkı müqaviləsi 2026/27 mövsümünün sonuna qədər nəzərdə tutulub. Müqavilənin uzunmüddətli olmasına baxmayaraq, futbolçunun oyun üslubunun komandanın taktiki planlarına uyğun gəlməməsi bu ayrılığı qaçılmaz edir.
Yaxın günlərdə futbolçunun karyerasını harada davam etdirəcəyi ilə bağlı rəsmi qərarın veriləcəyi gözlənilir.