“Barselona”nın gənc ulduzu Lamin Yamal klubun tibbi heyəti tərəfindən hazırlanan xüsusi qidalanma proqramına keçir.
2026-cı ildə müsəlman dünyası üçün müqəddəs sayılan Ramazan ayı fevralın 18-dən martın 19-na qədər davam edəcək. Oruc tutan şəxslər sübh tezdən gün batana qədər qida və sudan imtina edir, iftar zamanı isə normadan artıq yemək tövsiyə olunmur.
Bu, gənc vingerin böyük futbolda oruc tutacağı ikinci Ramazan mövsümüdür. “Barselona” rəhbərliyi Yamalın həm dini ayinləri yerinə yetirməsi, həm də fiziki formasını itirməməsi üçün ona xüsusi rasion tərtib edib. Bu plan futbolçunun gün ərzində enerjisini qorumağa və axşam saatlarında həddindən artıq qidalanmanın fəsadlarından qaçmağa kömək edəcək.
Yamalın oruc tutduğu müddətdə ilk çıxışı fevralın 22-nə təsadüf edəcək. O, Bakı vaxtı ilə saat 19:15-də “Levante”yə qarşı keçiriləcək matçda meydana çıxmağa hazırlaşır.