İstanbulda bir çox tanınmış simanın, o cümlədən Mehmet Akif Ersoyun adının hallandığı genişmiqyaslı narkotik istintaqı çərçivəsində “Fənərbaxça”nın prezidenti, iş adamı Saadettin Saran barəsində ciddi iddialar irəli sürülüb. İstintaq çərçivəsində Saranın evinə baxış keçirilib və onun şübhəli şəxs qismində məhkəməyə çağırıldığı bildirilib.
İttihamların mahiyyəti: Saadettin Saran narkotik və ya psixotrop maddələrin istehsalı, ticarəti, habelə bu maddələrin istifadəsini asanlaşdırmaq üçün xüsusi yer, avadanlıq və imkanlar təmin etməkdə ittiham olunur. CNN Türk-ün müxbiri Merve Tokazın canlı yayımda verdiyi məlumata görə, ittihamlar arasında “narkotik vasitələrin tədarükü və ticarəti” maddələri də yer alır.
Hazırda “Fənərbaxça” basketbol komandası ilə birlikdə İtaliyada olan Saadettin Saran məsələyə dərhal reaksiya verib: “Heç nədən qorxmuram. Sabah səhər Türkiyəyə qayıdacağam və istintaqda iştirak edəcəyəm.”
Saranın vəkili məsələ ilə bağlı açıqlamasında belə deyib: “Cənab Saadettin Saran dünən axşam keçirilən ‘Olimpia Milano – Fenerbahçe Beko’ matçında iştirak etmək və bəzi transfer danışıqları aparmaq üçün xaricə səfər etmişdir. Mətbuatda yayılan məhkəmə prosesi barədə məlumat aldıqdan dərhal sonra o, ölkəyə qayıtmaq qərarına gəlib və ilk mövcud reyslə Türkiyəyə dönəcək”.