Azərbaycanın 21 yaşadək milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Bolqarıstan millisini qəbul edib. Demək olar boş tirbunalardan ibarət Mərdəkan stadionunda keçirilən oyunda ilk yarı heç-heçə başa çatıb. Millimiz Emin Rüstəmovun 41-ci dəqiqədə vurduğu qolu ilə hesabda irəli çıxsa da, fasiləyə qədər üstünlüyü qoruya bilməyib. Cəmi 3 dəqiqə sonra bolqarların qısa ötürmələrdən ibarət sürətli kombinasiyasını Nikola İliyev təkbətəkə çıxaraq qola çevirdi.
İkinci hissədə meydanda ciddi heç nə baş verməyib. Qonaqların azsaylı qol imkanlarını qapıçımız dəf edə bilib. Nisbətən ehtiyatlı oyanayn, əks-hücumda rəqibi tutmağa çalışan millilərimiz son dəqiqələrdə iki bariz qol imkanı yaratsa da, birinci epizodda rəqibin qapıçısı oyun boyu fəal olan Xəyal Əliyevin zərbəsini dəf edib, ikinci epizodda isə müdafiəçilər son anda təhlükəni zərərsizləşdirib.
Beləliklə, U-21 yığması Ayxan Abbasovun yoxluğunda Elnur Çopdarovun rəhbərliyi ilə oyuna çıxıb və seçmə mərhələdə ilk xalını qazanıb.
Qeyd edək ki, oyunun keçirildiyi “Liv Bona Dea” arenası bərbad vəziyyəti ilə diqqət çəkib.