“Araz-Naxçıvan”ın qələbə həsrəti davam edir. Naxçıvan təmsilçisi 13 turdan sonra da uğursuz seriyanı dayandıra bilməyib. “Sabah”a 0:2 hesablı məğlubiyyətdən sonra baş məşqçi Yuri Maksimov komandanın heyətində problemlərin olduğunu etiraf edib və güclənməyin vacibliyini vurğulayıb.
Ukraynalı mütəxəssis “Sabah” kimi Çempionlar Liqasında çıxış edən komanda ilə qarşılaşmağın xoş olduğunu, lakin matçın çətin keçəcəyini əvvəlcədən bildiklərini deyib: “‘Sabah’a qarşı mübarizə aparmaq istəyirdik. Ancaq heyətimiz istədiyimiz səviyyədə komplektləşdirilməyib, problemlərimiz var. Buna baxmayaraq, oynamağa çalışan futbolçularıma təşəkkür edirəm”.
Qələbələrin nə vaxt gələcəyi ilə bağlı suala cavab verən Maksimov bunun komandanın da əsas istəyi olduğunu vurğulayıb. Baş məşqçinin fikrincə, uğurlu nəticələr üçün heyət gücləndirilməlidir.
“Araz-Naxçıvan”ı qarşıdakı turlarda “Qarabağ” və “Turan Tovuz”la çətin oyunlar gözləyir. Maksimov bu görüşlərdə də komandasının meydana çıxaraq mübarizə aparacağını bildirib: “Biz meydana çıxıb oynayacağıq. Çətin olacaq”.