“Sabah” Premyer Liqanın 13-cü turunda doğma meydanda “Araz-Naxçıvan”ı məğlub edərək turnir cədvəlinin ikinci pilləsinə yüksəlib. Bakı təmsilçisi görüş ərzində üstün oyun nümayiş etdirib və rəqibinin müqavimətini iki qolla qırıb.
Qarşılaşmanın taleyi iki hissədə vurulan qollarla həll olunub. 18-ci dəqiqədə Coyi-Lens Mikkels hesabı açaraq “Sabah”ı önə keçirib. Fasilədən sonra da üstünlüyünü qoruyan meydan sahibləri 68-ci dəqiqədə fərqi artırıblar. Ksander Severinanın dəqiq zərbəsi oyunda yekun hesabı müəyyənləşdirib – 2:0.
Beləliklə, “Sabah” xallarının sayını 27-yə çatdıraraq ikinci pilləyə yüksəlib. Mövsümün 12 turunda qələbə qazana bilməyən “Araz-Naxçıvan” isə yeni baş məşqçisi Yuri Maksimovun rəhbərliyi altında da bu uğursuz seriyanı dayandıra bilməyib. Naxçıvan təmsilçisi dörd xalla turnir cədvəlinin sonuncu pilləsində qalıb.
“Sabah” – “Araz-Naxçıvan” 2:0 (1:0)
Qollar: Coyi-Lens Mikkels, 18 (1:0), Ksander Severina, 68 (2:0).
Baş hakim: Vüqar Həsənli.
“Sabah”: Rəvan Mirzəmmədov, Tellur Mütəllimov (k), Rəhman Daşdəmirov, Aleksey İsayev (Yunis Laşaab, 80), Stiv Solvet, Umarali Rəhmonəliyev, Karlos Eduardo (Ksander Severina, 63), Eyden Makkarti, Kahim Parris (Velko Simiç, 63), Abdulla Haybulayev (İvan Lepinitsa, 73), Coyi-Lens Mikkels (Orfe Mbina, 73).
“Araz-Naxçıvan”: Tərlan Əhmədli, Şarl Boli (Ülvi İsgəndərov, 60), Boyan Letiç, Patrik Andrade (k), Məhəmməd Mara, Mamadu Kane (Qabil Əlizadə, 81), Bruno Franko, Ömər Buludov, Luka Dumançiç, Alberto Fernandes (Abdalla Sudi, 81), Ağadadaş Salyanski.
Sarı vərəqələr: Parris, Eduardo, Fernandes, Haybulayev, Daşdəmirov.
Məkan: Bakı, “Sabah Arena”.