“Beşiktaş”ın futbolçuları Avropa Liqasının 5-ci turunda “Hapoel” (Beer-Şeva ) ilə qarşılaşmaq üçün Gürcüstana yollanarkən təhlükəli anlar yaşayıblar. Komandanı daşıyan təyyarə əlverişsiz hava şəraiti səbəbindən marşrutunu dəyişməli olub. Türkiyə mediasının məlumatına görə, uçuş zamanı təyyarəni bir neçə dəfə ildırım vurub.
İstanbuldan havaya qalxan təyyarənin son dayanacağı Batumi olsa da, güclü yağış və əlverişsiz hava şəraiti enişə imkan verməyib. Batumi üzərində bir neçə dövrə vuran pilot son anda eniş cəhdindən imtina edərək təyyarəni Türkiyənin Rize-Artvin hava limanına yönəldib. Təyyarə orada təhlükəsiz şəkildə yerə enib.
Türkiyə mətbuatının yazdığına görə, uçuş zamanı təyyarəni bir neçə dəfə ildırım vurub, sərnişinlər isə güclü turbulensiya ilə üzləşiblər. Klub nümayəndə heyətinin üzvləri səfəri həyatlarının ən qorxulu hadisələrindən biri kimi xarakterizə ediblər.
“Beşiktaş”ın peşəkar futbol direktoru Öndər Özden də yaşananları şərh edib: “Düşünürəm ki, bu, indiyədək üzləşdiyim ən təhlükəli vəziyyətlərdən biri idi. Bir qədər qorxduq. Əslində, hamı qorxmuşdu. Amma əsas odur ki, birlikdə idik və bu çətin anları da birlikdə geridə qoyduq”.
O, pilotun eniş cəhdindən imtina etməsinə də münasibət bildirib: “Pilot enməyə cəhd edəndə yəqin ki, bunun mümkün olmadığını anladı. Şükürlər olsun ki, hər şey yalnız qorxu ilə bitdi”.
Türkiyədə təhlükəsiz enişdən sonra “Beşiktaş”ın futbolçuları avtobusla Batumiyə yola düşüblər. Marşrutun dəyişməsi səfərin xeyli uzanmasına səbəb olub. Bu səbəbdən baş məşqçi Vinçentso İtalyanonun oyunöncəsi mətbuat konfransı da ləğv edilib. Qeyd edək ki, “Beşiktaş” “Hapoel” ilə qarşılaşmanı Batumidə keçirəcək. UEFA təhlükəsizliklə bağlı narahatlıqlar və Qəzza müharibəsi fonunda yaranmış siyasi gərginlik səbəbindən görüşün İstanbuldan başqa şəhərə köçürülməsinə qərar verib.