“Sabah” Azərbaycan Premyer Liqasında mövsümə güclü müdafiə ilə başlayaraq ölkə çempionatları tarixində nadir göstəricilərdən birinə imza atıb.
Paytaxt təmsilçisi çempionatın ilk 8 oyununda cəmi 1 qol buraxıb. Beləliklə, “bayquşlar” 1992-ci ildən keçirilən ölkə çempionatlarında bu göstəriciyə nail olan beşinci komanda olub.
İlk 8 matçda orta hesabla hər oyuna 0,125 qol buraxan “Sabah”dan əvvəl bu nəticəni yalnız dörd klub göstərib. Bunlar 2016/17 mövsümündə “Qəbələ”, 2010/11 mövsümündə “Xəzər Lənkəran”, 2007/08 mövsümündə AZAL və 2001/02 mövsümündə “Neftçi”dir.
Valdas Dambrauskasın rəhbərlik etdiyi komanda cari mövsümdə müdafidə etibarlı oyunu ilə diqqət çəkir. İlk 8 turdakı nəticə “Sabah”ın çempionluq mübarizəsində iddiasını qorumasına kömək edən əsas amillərdən birinin müdafiə sabitliyi olduğunu göstərir.