Azərbaycan Premyer Liqasının VIII turu çempionat tarixinin ən yüksək tamaşaçı göstəricisi ilə yadda qalıb. Peşəkar Futbol Liqasının (PFL) məlumatına görə, turun 6 qarşılaşmasını ümumilikdə 30 800 azarkeş stadiondan izləyib.
Ən çox tamaşaçı “Kəpəz” – “Zirə” və “Qarabağ” – “Neftçi” oyunlarında qeydə alınıb. Gəncədə keçirilən və 1:1 hesabı ilə başa çatan görüşü 13 800, Tofiq Bəhramov adına Respublika stadionunda 3:3 hesabı ilə yekunlaşan “Qarabağ” – “Neftçi” matçını isə 13 500 azarkeş izləyib.
Turun digər qarşılaşmalarında tamaşaçı sayı xeyli az olub. “Şamaxı” – “Şəfa” (3:2) və “Sumqayıt” – “Araz-Naxçıvan” (2:1) oyunlarının hər birində 1200, “Qəbələ” – “Sabah” (0:4) matçında 750, “İmişli” – “Turan Tovuz” (1:0) görüşündə isə 350 azarkeş qeydə alınıb.
Beləliklə, VIII turda bir oyuna düşən orta tamaşaçı sayı 5133 nəfər təşkil edib.
Bundan əvvəlki rekord IV turda qeydə alınmışdı. Həmin vaxt qarşılaşmaları ümumilikdə 24 512 tamaşaçı izləyib. VIII turda bu göstərici 6288 nəfər artaraq yenilənib.