“Sabah”ın futbolçusu Rəhman Daşdəmirov UEFA Çempionlar Liqasının əsas mərhələsində “Slaviya”ya qarşı keçiriləcək oyunda qələbə qazanmaq istədiklərini bildirib. Müdafiəçi Bakı Olimpiya Stadionunda azarkeş dəstəyinin komanda üçün əlavə üstünlük olacağına inanır.
O, Çexiya təmsilçisi ilə matçdan əvvəl təşkil olunan mətbuat konfransında qarşılaşmanın əhəmiyyətindən danışıb: “Sabah tarixi görüş olacaq. Əsas mərhələdə ilk ev oyunumuzu keçirəcəyik. Ümid edirəm ki, stadion azarkeşlərimizlə dolar və biz də xalqımızı sevindirərik”.
Rəhman Daşdəmirov rəqibi yaxşı təhlil etdiklərini və oyuna ciddi hazırlaşdıqlarını vurğulayıb: “Ümid edirəm ki, maraqlı oyun alınacaq. Yaxşı hazırlaşmışıq. Xalqımızın qarşısında oynayacağıq və 3 xal qazanmaq istəyirik”.
Millətlər Liqasındakı oyunlardan sonra fiziki vəziyyətinin necə olması ilə bağlı suala cavab verən futbolçu yorğunluq hiss etmədiyini deyib: “Yorğunluq hiss etmirəm. Millətlər Liqasında qələbə qazandıqdan sonra böyük sevinc yaşadıq. Həmin qələbənin sevincini hələ də hiss edirəm. Ümidvaram ki, sabah da qalib gələrik. Hər şey qaydasındadır”.
Daşdəmirov Bakı Olimpiya Stadionunun böyük tutumunun azarkeş dəstəyinə müsbət təsir göstərəcəyini də qeyd edib. O, bu baxımdan arenanın “Sabah” üçün daha əlverişli olduğunu düşünür: “Məncə, burada azarkeş tutumu böyük olduğuna görə dəstək də çox olacaq. Bu baxımdan, Bakı Olimpiya Stadionunun bizim üçün daha uyğun olduğunu düşünürəm. Düzdür, Tofiq Bəhramov adına Respublika Stadionu ölkə futbolu üçün tarixi məkandır. Amma Bakı Olimpiya Stadionunun tutumu daha böyükdür. Azarkeşlər nə qədər çox olsa, komandaya dəstək də bir o qədər artar. Düşünürəm ki, bu, bizim üçün daha yaxşı olar”.