İtaliya A Seriyasının növbəti turunda “Kalyari”nin “Atalanta” üzərində qazandığı 2:1 hesablı dramatik qələbənin qəhrəmanı olan Daniel Maldini matçdan bir neçə saat sonra gözlənilməz insidentlə gündəmə gəlib.
Şənbə günü keçirilən qarşılaşmada penaltini dəqiq yerinə yetirərək komandasına 3 xal qazandıran 24 yaşlı hücumameyilli yarımmüdafiəçi oyundan sonra qələbəni qeyd etmək üçün Milana yollanıb. Lakin bazar günü səhər saatlarında onun idarə etdiyi “Porsche Carrera” markalı avtomobil Karatçolo küçəsindəki dördyol yolayrıcında başqa bir nəqliyyat vasitəsi ilə toqquşub.
Qəza nəticəsində 6 nəfər yüngül xəsarət alıb. İtaliya mediasının (ANSA) məlumatına görə, xəsarət alanlardan biri də futbolçunun özü olub.
Hadisə yerinə gələn polis əməkdaşları tərəfindən aparılan ilk alkotest müayinəsində futbolçunun qanında alkoqolun səviyyəsi 0.91 promillə (mg/l), təkrar yoxlamada isə 0.89 promillə təşkil edib. İtaliyada icazə verilən maksimum həddi (0.5 g/l və ya alkotestdə 0.8 mg/l) aşdığı üçün polislər Daniel Maldininin sürücülük vəsiqəsini dərhal müsadirə ediblər.
Futbolçu profilaktik müayinə üçün xəstəxanaya aparılsa da, tezliklə evə buraxılıb. İtalyan hücumçunun vəkili Danilo Buoncorno “Gazzetta dello Sport”a verdiyi açıqlamada müvəkkilinin səhhətinin yaxşı olduğunu bildirib: “Daniel özünü yaxşı hiss edir və heç bir ciddi xəsarət almayıb. Müayinələrdən dərhal sonra evə qayıdıb”.
Xatırladaq ki, Daniel “Milan” və İtaliya futbolunun əfsanəsi Paolo Maldininin oğludur.