Premyer Liqanın V turunda “Araz-Naxçıvan”la heç-heçə edən (2:2) “Turan Tovuz” klubu qarşılaşmanın sonlarında əleyhinə təyin olunan mübahisəli penalti epizodu ilə bağlı rəsmi bəyanat yayıb. Tovuz təmsilçisi hakimlərin qərarlarına sert reaksiya verərək, kluba qarşı ədalətsizlik edildiyini bildirib.
Bəyanatda deyilir: “Son zamanlar istər meydanda, istərsə də meydandan kənarda sistemli təzyiqlə üz-üzəyik. Təmiz qolumuz ləğv olunur, VAR sistemində epizoda beş dəqiqə baxılmasına rəğmən, qapımıza absurd penalti təyin edilir. Klub olaraq hər iki cəbhədə mübarizəmizi əzmkar şəkildə davam etdiririk.
İstər siz – bizim fədakar azarkeşlərimiz, istərsə də bütün futbol ictimaiyyəti klubumuzun qarşılaşdığı bu ədalətsizliyi aydın görür. Belə məqamlarda bizim ən böyük gücümüz sizin dəstəyiniz və komanda ətrafında sıx birləşməyimizdir. Sizdən xahiş edirik ki, hər zaman olduğu kimi, bu ədalət mübarizəsində də klubumuzun yanında olasınız. Biz böyük “Turan” ailəsiyik və bu yolda birgə mübarizə aparmağa davam edəcəyik”.