Premyer Liqanın V turunda “Araz-Naxçıvan”la səfər matçında (2:2) bir xal qazanan “Turan Tovuz”un baş məşqçisi Qurban Berdiyev qarşılaşmadan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Təcrübəli mütəxəssis matçın gedişatını, komandasının oyununu və 86-cı dəqiqədə təyin olunan mübahisəli penalti epizodunu şərh edib.
Qurban Berdiyev komandasının iki fərqli taym sərgilədiyini və ümumilikdə meydanı iki xal itkisi ilə tərk etdiklərini bildirib: “Meydanda iki fərqli hissə izlədik. İlk yarıda çox ləng oynayırdıq. Fasilədən sonra etdiyimiz əvəzləmələrlə tempi artırmağa nail olduq. Hücum xəttində yorulan futbolçuları dəyişdim, müdafiədə isə dəyişiklik etməyə ehtiyac görmədim. Ümumilikdə götürsək, bu gün iki xal itirdik”.
Görüşün sonlarında təyin olunan və matçın taleyini həll edən penalti epizoduna toxunan təcrübəli məşqçi, qərara birbaşa etiraz etməsə də, təəccübünü gizlətməyib: “Penalti, şübhəsiz ki, oyuna və nəticəyə təsir etdi. Həmin epizodda müdafiəçimiz zədələndiyi və əvəzləmə hüququmuz bitdiyi üçün meydanda 10 nəfərlə qalmışdıq. Penaltinin olub-olmaması barədə mübahisə etmək istəmirəm – əgər qapıçımız bəhanə veribsə, deməli, qayda pozuntusu var idi.
Amma səmimi desəm, karyeram ərzində belə penalti görməmişdim. Baş hakim VAR monitoruna yaxınlaşanda qərarını dəyişəcəyini düşünürdüm. Çünki ayaqla heç bir təmas yox idi, bəlkə baş nahiyəsində nəsə toxunuş oldu…”
Berdiyev keçmiş köməkçisi Zaur İsmayılovun rəhbərlik etdiyi “Araz-Naxçıvan”a qarşı taktik hazırlıqdan da söz açıb: “Rəqibin istifadə etdiyi iki əsas taktik sxem haqqında dəqiq təsəvvürümüz var idi. Həftəərzində hər iki sistemə qarşı xüsusi məşqlər keçmişdik və oyuna tam hazır idik. Bu baxımdan rəqib bizim üçün heç bir sürpriz etmədi”.