“Barselona”nın idman direktoru Deku 2026-cı il “Qızıl top” mükafatının namizədlər siyahısına kəskin etiraz edib. Portuqaliyalı klub rəsmisi Lamin Yamalı mükafatın əsas favoriti adlandırıb, Pau Kubarsini isə müasir futbolun ən böyük müdafiəçi istedadı kimi qiymətləndirib. Eyni zamanda Pedri və Rafinyanın namizədlər siyahısına salınmamasını “qlobal skandal” adlandırıb.
Deku “El Món a RAC1” radiosuna müsahibəsində “Barselona”nın mövsümə uğurlu startından, transfer planlarından və Frenki de Yonqun zədəsindən də danışıb.
“Qızıl top” uğrunda mübarizəyə toxunan Deku Lamin Yamalın əsas favorit olduğunu bildirib: “Düşünürəm ki, o, bir nömrəli namizəddir və bununla bağlı heç bir şübhə yoxdur. “Barselona”da əla mövsüm keçirdi və çempionluğumuzda əsas rol oynadı. Mən futbolu sevirəm. Leo “Qızıl top”u qazandığı zaman ən yaxşı olduğu üçün buna layiq idi. Burada da mübahisə üçün heç bir yer yoxdur”.
Deku Pau Kubarsiyə də yüksək qiymət verib. Onun sözlərinə görə, 19 yaşlı müdafiəçi müasir futbolun ən böyük istedadlarından biridir: “Mənim üçün o, müdafiəçilər arasında Lamin Yamal kimidir. İndiyə qədər gördüyüm ən təsirli istedaddır. Mən daim Bojanla futbolçuların inkişafı barədə danışıram. Kubarsinin əldə etdiyi nəticələr inanılmazdır – onun inkişafından tutmuş komandaya rəhbərlik etməsinə və detallara diqqət yetirməsinə qədər”.
Lakin “Qızıl top”un namizədlər siyahısında Pedri və Rafinyanın olmaması Deku üçün qəbuledilməzdir. “Barselona”nın idman direktoru bu qərarı sərt şəkildə tənqid edib: “Bu, qlobal skandaldır. Bu siyahıların necə hazırlandığını və hansı meyarların tətbiq edildiyini başa düşmürəm. Amma bu mükafatlarda açıq-aşkar ədalətsizlik var. Pedri və Rafinyanın istedadlarını nəzərə alsaq, onların siyahıya düşməməsini təsəvvür etmək belə çətindir”.