Braziliyalı futbolçu narkotik və silah alverini maliyyələşdirməkdə şübhəli bilinir
Braziliyanın “Vasko da Qama” klubunun 30 yaşlı futbolçusu David Korreanın Rio-de-Janeyrodakı evində polis tərəfindən axtarış aparılıb. “Globo” nəşrinin məlumatına görə, təcrübəli oyunçu silah və narkotik ticarətini maliyyələşdirməkdə şübhəli bilinir.
Bu həftənin əvvəlində baş tutan reyd narkotik, silah alveri və çirkli pulların yuyulması ilə məşğul olan iri cinayətkar qruplaşmaya qarşı keçirilən genişmiqyaslı xüsusi əməliyyatın bir hissəsidir. Əməliyyata 100-ə yaxın polis əməkdaşı, 38 avtomobil və iki helikopter cəlb olunub, eyni vaxtda 15 ünvanda axtarış aparılıb. Espiritu-Santo regionunun polis rəisinin sözlərinə görə, Korrea məhz bu bölgədəki qanunsuz fəaliyyətləri maliyyələşdirməkdə ittiham olunur.
Şübhələrin yaranmasına səbəb qətlə cəhd işi üzrə müsadirə edilmiş bir telefonda tapılan yazışmalar olub. Həmin telefonda futbolçu ilə mafiya lideri arasında sıx əlaqəni sübut edən mesajlar aşkar edilib. Polis rəisi futbolçunun proseslərdə iştirakını göstərən üç əsas yazışmanı sübut kimi təqdim edib.
Birinci İlk mesajda qətlə cəhdin qurbanı, hücumun motivləri və yaralının səhhəti müzakirə olunur. Mafiya rəhbəri Korreaya “O, güllələnməyə layiq idi” deyə yazıb.
İkinci yazışmada qruplaşma lideri tapança şəkli göndərərək yazıb: “Bunun necə bir hiss olduğunu anlamaq üçün kimisə öldürmək lazımdır”.
Üçüncü mesajda mafiya rəhbəri cinayətdə istifadə olunan avtomobildən xilas olmaq istədiyini bildirərək, yeni maşın almaq üçün futbolçudan borc pul istəyib.
“Bu faktlar bizi həyəcanlandırdı və şübhəlinin bu ərazidə narkotik ticarətini maliyyələşdirə biləcəyini ehtimal etməyə əsas verdi” – deyə, polis rəisi bildirib.
İstintaqın davam etdiyi bir vaxtda David Korrea bütün ittihamları rədd edib. O, sadəcə olaraq həmin şəbəkədəki bəzi insanları tanıdığını, lakin mütəşəkkil cinayətkarlıqla heç bir əlaqəsinin olmadığını iddia edib. Qeyd edək ki, futbolçu hələlik həbs olunmayıb və o, hətta çərşənbə günü “Vasko da Qama”nın heyətində növbəti matçına da çıxıb.