PSJ-nin ulduz futbolçusu Joau Neves məşqə gəlişi ilə diqqət mərkəzinə düşüb. Azarkeşlər Paris klubunun oyunçularını adətən lüks idman avtomobillərində görməyə alışsalar da, 21 yaşlı portuqaliyalı yarımmüdafiəçi bazaya “Peugeot Partner” markalı maşınla gəlib. 2021-ci il istehsalı olan bu furqonun ikinci əl avtomobil bazarındakı qiyməti təxminən 8 min avrodur.
Maraqlıdır ki, portuqaliyalı oyunçu PSJ-də kifayət qədər yüksək məvacib alır. Futbolçuların maaşları ilə bağlı qeyri-rəsmi məlumat mənbəyi olan “Capology”nin məlumatına görə, o, həftədə təqribən 175 min, bir mövsümdə isə sabit məvacib kimi 9 milyon avro (bonuslarla birlikdə 10 milyon) qazanır.
Nevesin məşqə gəlişini əks etdirən video qısa zamanda sosial şəbəkələrdə yayılıb. O, bazanın qarşısında toplaşan azarkeşlərin yanında dayanıb, avtoqraf paylayıb və daha sonra furqonu ilə yoluna davam edib. Gənc ulduzun bu sadə seçimi həm Fransa mətbuatında, həm də fanatlar arasında böyük rəğbətlə qarşılanıb.
21 yaşlı futbolçu əvvəllər lüks avtomobillərin sükanı arxasında da görünüb. Bu səbəbdən “Peugeot”nun onun gündəlik nəqliyyat vasitəsi olub-olmadığı dəqiq bilinmir. Portuqaliya mətbuatı isə furqonun dövlət qeydiyyat nişanının məhz bu Fransaya aid olduğunu vurğulayıb.
Xatırladaq ki, Neves PSJ-yə 2024-cü ilin yayında “Benfika”dan transfer olunub. Paris təmsilçisi o vaxt 19 yaşı olan yarımmüdafiəçi üçün 60 milyon avro ödəmişdi. Qısa müddətdə baş məşqçi Luis Enrikenin əsas silahlarından birinə çevrilən futbolçu meydanın mərkəzində həmyerlisi Vitinya ilə uğurlu tandem təşkil edir.