“Zirə” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır. “Qartallar” Portuqaliyanın “Şaves” klubunda çıxış edən braziliyalı yarımmüdafiəçi Ktatau ilə razılığa gəlib.
25 yaşlı futbolçu ilə müqavilənin bütün detalları razılaşdırılıb. Tərəflər arasında razılaşma əldə olunduqdan sonra transferin yaxın günlərdə rəsmən açıqlanacağı gözlənilir.
Tam adı Talysson Moreira Reis olan Ktatau 13 iyul 2001-ci ildə Braziliyanın Minas-Jerays ştatının Divinopolis şəhərində anadan olub. 1,80 metr boya malik futbolçu əsasən mərkəz yarımmüdafiəçisi kimi çıxış edir, eyni zamanda dayaq yarımmüdafiəçisi mövqeyində də oynaya bilir. Sağ ayağından istifadə edir.
Ktatau futbol karyerasına Braziliyada başlayıb. “Guarani”, “Pouso Alegre” və “Coimbra”nın aşağı yaş qruplarında çıxış etdikdən sonra 2021-ci ildə Portuqaliyaya yollanıb. O, burada “Juventude Pedras Salgadas”ın heyətində peşəkar futbolda özünü göstərib.
2023-cü ildə “Şaves”ə keçən futbolçu 2023/24 mövsümündə icarə əsasında “Felgueiras”da çıxış edib. Burada komandanın Portuqaliya II Liqasına yüksəlməsində mühüm rol oynayıb. Daha sonra “Şaves”ə qayıdan Ktatau klubun əsas heyətində yerini möhkəmləndirib.
Braziliyalı yarımmüdafiəçi 2025/26 mövsümündə “Şaves”in əsas oyunçularından biri olub. Portuqaliya II Liqasında 32 matçda meydana çıxan Ktatau 24 görüşə start heyətində başlayıb və ümumilikdə 2135 dəqiqə meydanda olub.