Peşəkar Futbol Liqasının (PFL) məlumatına görə, Azərbaycan Premyer Liqasının III turu məhsuldarlıq baxımından son illərin ən sönük göstəricilərindən biri ilə yadda qalıb. Keçirilən 6 qarşılaşmada qapılara cəmi 5 qol vurulub ki, bu da matçbaşına orta hesabla 0,83 qol deməkdir.
Turun yeganə qolsuz heç-heçəsi “Qəbələ” – “Şamaxı” görüşündə qeydə alınıbsa, digər 5 matçın hər birində cəmi 1 top vurulub. Meydan sahiblərindən “Kəpəz” (“Turan Tovuz”a qarşı) və “Zirə” (“Neftçi”yə qarşı) minimal hesablı qələbə qazandığı halda, “İmişli” (“Şəfa” ilə oyunda), “Qarabağ” (“Sumqayıt”la oyunda) və “Sabah” (“Araz-Naxçıvan”la oyunda) səfərdə eyni nəticə ilə (1:0) üç xalı təmin ediblər.
Orta məhsuldarlığın 0,83-ə düşməsi son 10 mövsümün antirekordudur. Bundan daha aşağı göstəriciyə sonuncu dəfə 2016/2017-ci illər mövsümünün II turunda təsadüf olunub (11-14 avqust 2016-cı ildə keçirilən 4 matçda 3 qol vurulub, orta göstərici: 0,75).
Maraqlı məqam odur ki, 10 il əvvəlki həmin tura təsadüf edən cütlüklərdən 3-ü bu dəfə də üz-üzə gəlib. O vaxt olduğu kimi, bu turda da “Qarabağ” “Sumqayıt”ı (2016-cı ildə 2:0), “Zirə” isə “Neftçi”ni (2016-cı ildə 1:0) məğlub edib. “Qəbələ” – “İnter” (indiki “Şamaxı”) və “Kəpəz” – AZAL görüşlərində isə o zaman qol qeydə alınmamışdı.
III turun əsas sensasiyası 6 oyundan 5-nin 1:0 (və ya 0:1) hesabı ilə başa çatması olub. Premyer Liqanın PFL bayrağı altında keçirildiyi dövrdə ilk dəfədir ki, bir tur çərçivəsində 5 qarşılaşmanın taleyini yeganə qol həll edir. Buna qədər çempionat tarixində bir turda 10 dəfə dörd matçın 1:0 hesabı ilə bitdiyi qeydə alınıb. Analoji göstəriciyə sonuncu dəfə 2023/2024-cü illər mövsümünün sonuncu – XXXVI turunda (25-26 may 2024) rast gəlinib. Həmin vaxt baş tutan 5 matçın 4-ü (“Sumqayıt” – “Qəbələ”, “Zirə” – “Səbail”, “Turan Tovuz” – “Kəpəz” və “Neftçi” – “Sabah”) 1:0 hesabı ilə yekunlaşıb, yalnız “Araz-Naxçıvan” – “Qarabağ” duelində (2:2) fərqli hesabla başa çatıb.