Tarixində ilk dəfə UEFA Gənclər Liqasının əsas mərhələsində mübarizə aparacaq “Sabah”ın U-19 komandasının rəqibləri və oyun təqvimi müəyyənləşib. Avropanın nəhəng futbol akademiyaları ilə gücünü sınayacaq gənc “bayquşlar” turnir çərçivəsində “Barselona”, “Mançester Yunayted”, “Borussiya Dortmund”, “Vilyarreal”, “Slaviya Praqa” və Norveçin “Vikinq” klubları ilə üz-üzə gələcəklər.
UEFA-nın yenilənmiş reqlamentinə əsasən, təmsilçimiz hər rəqiblə yalnız bir dəfə qarşılaşmaqla ümumilikdə 6 matça çıxacaq. “Sabah” mübarizəyə sentyabrın 10-da İngiltərədə “Mançester Yunayted”ə qarşı keçirəcəyi səfər oyunu ilə start verəcək. Bu matçın ardından gənclərimiz Bakıda iki ardıcıl ev oyunu keçirəcəklər: oktyabrın 13-də “Slaviya”, oktyabrın 20-də isə Dortmund “Borussiya”sı paytaxtımızın qonağı olacaq.
Noyabrın 4-də Norveçdə “Vikinq”in qonağı olacaq “bayquşlar” ayın 25-də turnirin ən maraqlı qarşılaşmalarından birinə çıxacaqlar — Bakıda “Barselona” qəbul ediləcək. Təmsilçimiz liqa mərhələsinə dekabrın 8-də İspaniyada “Vilyarreal”a qarşı oyunla yekun vuracaq. Bu beynəlxalq turnir “Sabah” akademiyası üçün mühüm inkişaf pilləsi olmaqla yanaşı, gənc futbolçularımızın Avropanın aparıcı skautlarının diqqətini çəkməsi baxımından müstəsna fürsət yaradır.