FİFA prezidenti Canni İnfantino bir neçə aydır ki, kəskin tənqidlərin hədəfindədir və ortaya çıxan hər yeni qalmaqallı detal onun ali futbol qurumundakı mövqeyini daha da sarsıdır. “The Telegraph” nəşrinin əldə etdiyi son məlumatlara görə, isveçrəli funksioner hələ prezidentliyinin ilk günlərindən etibarən daxili protokol və qaydaları nümayişkaranə şəkildə pozub.
2016-cı ilin fevralında FİFA rəhbəri seçilən İnfantino barədə elə həmin ilin iyun ayında ali futbol qurumunun yüksəkrütbəli rəsmiləri tərəfindən ciddi şikayətlər ünvanlanıb. FİFA-nın Etika Komitəsinin yoxlamaları tam açıqlanmasa da, Britaniya mətbuatı diqqətçəkən faktları üzə çıxarıb. Məlumata görə, İnfantino Rusiya hökumətinə və şəxsən Vladimir Putinə məxsus özəl təyyarələrdən istifadə etməkdən çəkinməyib. Həmçinin onun Roma Papası ilə rəsmi görüşü FİFA-nın büdcəsi hesabına yaşlı anası üçün xüsusi səyahətə çevirdiyi iddia olunur.
Bundan əlavə, İnfantinonun ildə 2 milyon İsveçrə frankı (təxminən 2,1 milyon avro) məbləğində təklif olunan məvacibi az hesab edərək imtina etdiyi və öz yaxın kadrlarını həddindən artıq yüksək maaşla işə götürdüyü bildirilir. Bütün bu əməllərə görə FİFA-nın müvafiq sanksiyalar tətbiq etmək imkanı olsa da, müstəntiqlər qeyri-müəyyən səbəblərdən İnfantinoya bəraət verərək işi bağlayıblar. Dünya çempionatının özəlləşdirilməsi planı iflasa uğradıqdan sonra kütləvi narazılıqla üzləşən isveçrəli funksioner, hazırda ali futbol qurumundakı postunu saxlamaq üçün ciddi mübarizə aparır.