Azərbaycan Premyer Liqasının III turunda “Neftçi” üzərində qazanılan 1:0 hesablı qələbə “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov üçün xüsusi əhəmiyyət kəsb edib. Bu qarşılaşma mütəxəssisin “qartallar”ın başında ölkə çempionatlarında keçirdiyi 200-cü matç kimi tarixə düşüb.
Peşəkar Futbol Liqasının (PFL) rəsmi məlumatına görə, təcrübəli çalışdırıcı bu dövr ərzində qəsəbə təmsilçisinə 89 qələbə qazandırıb. Sadıqovun rəhbərliyi altında çıxılan matçların 62-də heç-heçə qeydə alınıb, 49 görüşdə komanda meydanı xalsız tərk edib. Həmçinin bu oyunlarda “Zirə” rəqib qapılarına 247 qol vurub, öz qapısından isə 187 top buraxıb.
Xatırladaq ki, mütəxəssisin “Zirə”nin baş məşqçisi postunda debütü 23 avqust 2020-ci il tarixində “Qəbələ” ilə keçirilən və 1:1 hesablı heç-heçə ilə başa çatan qarşılaşmaya təsadüf edib.