Premyer Liqının növbəti turunda doğma meydanda “İmişli”yə tək qolla (0:1) uduzan “Şəfa”nın baş məşqçisi Zaur Həşimov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistləri suallarını cavablandırıb. Təcrübəli mütəxəssis xalsız qaldıqları oyunda yetirmələrinin nümayiş etdirdiyi əzmkar mübarizəni yüksək qiymətləndirib.
Qarşılaşmanın ümumi mənzərəsini şərh edən Həşimov oyunun azarkeşlər üçün maraqlı keçdiyini bildirib: “Baxımlı və yaxşı bir qarşılaşma alındı. Meydanda həm yüksək temp, həm də ikitərəfli gərgin mübarizə var idi. Təəssüf ki, ikinci hissəyə istədiyimiz kimi başlaya bilmədik. Rəqib də məhz həmin diqqətsizlikdən istifadə edərək əlinə düşən qol fürsətini dəyərləndirdi”.
Komandasının hücum potensiaına və çempionatdakı ümumi gedişata toxunan baş məşqçi gələcəyə nikbin baxdıqlarını vurğulayıb: “Məğlubiyyətə baxmayaraq, ümumilikdə komandama irad edə bilmərəm. Fikrimcə, ilk turda olduğu kimi, bu oyunda da pis təsir bağışlamadıq. Qol vurmaq üçün kifayət qədər imkanlarımız, təhlükəli epizodlarımız oldu, sadəcə, son nöqtəni qoya bilmədik. Önümüzdə uzun bir çempionat marafonu var. İnanıram ki, çatışmazlıqları aradan qaldırıb yaxşı nəticələr əldə etmək üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik”.